Milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzi

Milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzi

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli kimliyini, azadlıq iradəsini, dövlətçilik ənənələrini və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün Azərbaycan xalqı üçün üçrəngli bayrağımıza ehtiram göstərmək, onun ifadə etdiyi mənəvi dəyərləri bir daha xatırlamaq və dövlətçilik tariximizin şanlı səhifələrini yad etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bayraq sadəcə bir dövlət atributu deyil, xalqın keçmişini, bu gününü və gələcəyə dair arzularını özündə yaşadan müqəddəs milli rəmzdir.

Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində xalqımızın milli oyanış və istiqlal mübarizəsi ilə sıx bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini quraraq dövlət müstəqilliyini dünyaya bəyan etdi. Həmin dövrdə milli dövlətçilik ideyasının əsas rəmzlərindən biri kimi üçrəngli bayraq qəbul olundu. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət Dövlət Bayrağı təsdiq edildi.Bayrağımızın hər bir rəngi dərin məna və ideoloji məzmun daşıyır. Mavi rəng türk mənşəyimizi, milli kimliyimizi və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, tərəqqini və demokratik inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı ifadə edir. Bu rənglərin bir bayraq üzərində birləşməsi Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü, tarixi köklərinə sədaqətini və müasir dünyaya inteqrasiya istəyini əks etdirir.Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1920-ci ildə bolşevik işğalı nəticəsində dövlət müstəqilliyimizə son qoyuldu, üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusunu itirdi. Lakin bu hadisə xalqımızın azadlıq arzularını və müstəqil dövlətçilik düşüncəsini məhv edə bilmədi. Üçrəngli bayraq insanların qəlbində yaşadı, milli istiqlal ideyasının və gələcək müstəqillik mübarizəsinin simvoluna çevrildi. Azərbaycan xalqının müstəqillik arzularının yenidən gücləndiyi XX əsrin sonlarında üçrəngli bayrağımız da öz tarixi mövqeyinə qayıtmağa başladı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Soveti qarşısında onun rəsmi dövlət bayrağı kimi tanınması məsələsi qaldırıldı. Bu qərar milli dövlətçilik tariximizin bərpası istiqamətində mühüm addım oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı Dövlət Bayrağı kimi təsdiqlədi. Beləliklə, xalqımızın istiqlal rəmzi yenidən dövlət səviyyəsində öz layiqli yerini tutdu.

Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, dövlət atributlarının qorunması və təbliği istiqamətində mühüm işlər həyata keçirildi. Üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq aləmdə müstəqil mövqeyinin əsas rəmzlərindən birinə çevrildi. Bu siyasət sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başladı. Bu qərar dövlət bayrağımıza olan ehtiramın daha da yüksəldilməsi, onun tarixinin gənc nəslə aşılanması və milli birlik duyğularının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlət bayrağımız ölkəmizin bütün sahələrdə qazandığı uğurların, beynəlxalq nüfuzunun və güclənən dövlətçiliyinin rəmzinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın şanına yeni bir səhifə əlavə etdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Uzun illər həsrətlə gözlənilən üçrəngli bayrağımız doğma Qarabağda və Şərqi Zəngəzurda yenidən dalğalanmağa başladı.