Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı: davamlı sosial dəstək və real nəticələr

Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı: davamlı sosial dəstək və real nəticələr

 

 

  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına göstərilən genişmiqyaslı sosial dəstək tədbirlərinin icrası uğurla davam etdirilir.

  Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı xüsusi yer tutur. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin, eləcə də müharibədə iştirak etmiş və sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu istiqamətdə görülən işlər yalnız maddi dəstəklə məhdudlaşmır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, məşğulluğunun təmin edilməsini, tibbi və sosial reabilitasiyasını, cəmiyyətə inteqrasiyasını da əhatə edir.

  44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq tapşırıq və göstərişləri əsasında bu kateqoriyadan olan vətəndaşların problemlərinin həlli və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni sosial proqramlar hazırlanaraq icra olunub.

  Bu gün şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına müxtəlif növ sosial ödənişlər, pensiya və müavinətlər təyin edilir, onların mənzillə və fərdi evlərlə təminatı istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin reabilitasiya imkanlarının genişləndirilməsi, müasir protez və texniki vasitələrlə təmin olunması diqqət mərkəzində saxlanılır.

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il aprelin 29-na olan məlumatına görə, müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri olmaqla, 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,6 min şəxsə isə birdəfəlik ödəniş təyin edilib. Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçıları üçün 7,2 min mənzil və fərdi ev təqdim olunub, 567 avtomobil verilib. Bu göstəricilər dövlətin sosial öhdəliklərinin ardıcıl şəkildə yerinə yetirildiyini nümayiş etdirir.

  Müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin tibbi və sosial reabilitasiyası da xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə 2 465 şəxsə 96 min reabilitasiya vasitəsi təqdim edilib. Həmçinin 500-dən çox şəxsə 622 müasir protez verilib. Bu tədbirlər onların gündəlik həyat fəaliyyətinin asanlaşdırılmasına, müstəqil yaşamaq imkanlarının artırılmasına və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.

Şəhid ailələrinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi də sosial siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən proqramlar çərçivəsində 30 min şəxs məşğulluq tədbirlərinə cəlb olunub, 13,5 min şəxs isə özünüməşğulluq proqramı ilə əhatə edilib. Özünüməşğulluq proqramı vətəndaşlara kiçik biznes qurmaq, ailə gəlirlərini artırmaq və iqtisadi müstəqillik əldə etmək imkanı yaradır.

  Dövlət qayğısı yalnız maddi təminat və məşğulluq tədbirləri ilə məhdudlaşmır. Şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına sosial-psixoloji dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası, sağlamlıq imkanlarının bərpası və gündəlik həyatlarında qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində də mühüm işlər görülür. Bu məqsədlə 11 min şəxsə 104 min sosial-psixoloji və reabilitasiya xidməti göstərilib.

  Vətəndaşların sosial xidmətlərə daha rahat çıxışını təmin etmək məqsədilə yaradılmış Vahid Əlaqələndirmə Mərkəzlərinin fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Bu mərkəzlər vasitəsilə şəhid ailələri və müharibə iştirakçıları müxtəlif dövlət qurumlarının xidmətlərindən vahid məkanda yararlana, müraciətlərinin daha operativ şəkildə həllinə nail ola bilirlər. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində şəffaflığın və operativliyin artırılmasına xidmət edir.

  Naxçıvan Muxtar Respublikasında da şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2026-cı il avqustun 19-da şəhid ailələrinə və müharibə iştirakçılarına 68 mənzilin təqdim edilməsi bu qayğının növbəti nümunəsidir. Ümumilikdə, Naxçıvanda bu kateqoriyadan olan şəxslərə təqdim edilən mənzillərin sayı 400-ə yaxınlaşıb. Bu tədbirlər muxtar respublikada sosial müdafiə siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.

  Şahbuz rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır. Onların sosial problemlərinin öyrənilməsi, müraciətlərinin araşdırılması və müvafiq dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər bu insanların cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduğunu təsdiqləyir.

  Bütün bu tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti Vətən uğrunda fədakarlıq göstərmiş insanları və onların ailələrini heç vaxt unutmur. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı yalnız sosial təminat deyil, həm də milli həmrəyliyin, vətənpərvərliyin və dövlət-vətəndaş birliyinin bariz nümunəsidir.

  Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən sosial proqramlar bundan sonra da davam etdiriləcək, şəhid ailələrinin və müharibə iştirakçılarının rifahının yüksəldilməsi, onların problemlərinin həlli və cəmiyyətə inteqrasiyası üçün yeni imkanlar yaradılacaq. Çünki Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların ailələrinə sahib çıxmaq və müharibə iştirakçılarına layiqli həyat şəraiti yaratmaq hər birimizin mənəvi borcu, dövlətimizin isə dəyişməz prioritetidir.

 

Qəmər Hüseynova

Kükü kənd tam orta məktəbinin tarix müəllimi, Partiya fəalı