Əbədi dövlətçilik yolumuzun hüquqi təməli – Azərbaycan Konstitusiyası

Əbədi dövlətçilik yolumuzun hüquqi təməli – Azərbaycan Konstitusiyası

 

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü

         1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Tarixi sənədin hazırlanmasında və qəbulunda müstəsna xidmətləri olan, onun ideya müəllifi Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın konstitusion quruluşunun banisi kimi tarixə düşmüşdür.

        1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni cəmiyyət quruculuğu, demokratik təsisatların formalaşdırılması və hüquqi dövlətin yaradılması kimi mühüm vəzifələr dayanırdı. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi və sosial çətinliklər dövlətçiliyimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin təmin olunmasını və hüquqi dövlət quruculuğunun əsaslarının yaradılmasını prioritet istiqamətlər kimi müəyyənləşdirdi.

        Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil dövlətin möhkəm təməllər üzərində inkişafı üçün hər şeydən əvvəl onun müasir dövrün tələblərinə cavab verən Əsas Qanunu olmalıdır. Məhz bu məqsədlə 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması istiqamətində mühüm işlərə başlanıldı. Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə geniş ictimai müzakirəyə təqdim edildi. Nəticədə 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

        Bu tarixi hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyənləşdirmək iradəsinin parlaq ifadəsi idi. Konstitusiya müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarını müəyyən etdi, insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etdi. Sənəddə hakimiyyət bölgüsü prinsipi, demokratik idarəçilik, qanunun aliliyi, mülkiyyət formalarının bərabərliyi və vətəndaşların hüquq bərabərliyi kimi mühüm prinsiplər öz əksini tapdı.

         Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına xüsusi önəm verilməsidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyət sahibi olmaq, fikir və söz azadlığından istifadə etmək hüquqları Əsas Qanunla təmin edilir. Bu prinsiplər demokratik cəmiyyətin formalaşması, vətəndaş həmrəyliyinin möhkəmlənməsi və ölkədə hüquqi mədəniyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

        Konstitusiyanın qəbulundan sonra ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq sisteminin inkişafı və demokratik institutların möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın siyasi sabitliyinə, iqtisadi yüksəlişinə və beynəlxalq mövqelərinin güclənməsinə geniş imkanlar yaratdı.

         Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir inkişaf modelini formalaşdırmış, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmişdir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yaxşılaşdırılması, hüquqi və demokratik təsisatların təkmilləşdirilməsi Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanır.

         Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin yeni mərhələsini təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər müstəqil dövlətimizin gücünü və qüdrətini nümayiş etdirməklə yanaşı, Konstitusiyada təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsiplərinin real həyatda təntənəsinə çevrildi. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.

        12 Noyabr – Konstitusiya Günü hər bir azərbaycanlı üçün dövlət müstəqilliyinə, milli birliyə, hüquqi dövlətçilik ənənələrinə və demokratik dəyərlərə ehtiram günüdür. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, müstəqil Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasəti, xalqımızın birliyi və milli maraqlarımıza sədaqət dayanır.

          Əminliklə demək olar ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi iradəsinin, dövlətçilik düşüncəsinin və gələcəyə olan inamının təcəssümüdür. Bu ali hüquqi sənəd müstəqil Azərbaycanın inkişaf yoluna işıq salan, dövlətçiliyimizin möhkəmliyini təmin edən və gələcək nəsillər üçün mühüm hüquqi miras olan əvəzsiz tarixi sənəddir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya müstəqil Azərbaycan dövlətinin əbədi yaşamasına və daha da güclənməsinə xidmət edir.

Ehtibar İsmayılov

YAP Ordubad rayon təşkilatının sədri