44 Günlük Vətən Müharibəsi: Qələbəyə Aparan Qətiyyətli Siyasi İradə və Dövlətçilik Strategiyası

44 Günlük Vətən Müharibəsi: Qələbəyə Aparan Qətiyyətli Siyasi İradə və Dövlətçilik Strategiyası

 

     2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yadda qalmışdır. Bu müddət ərzində Azərbaycan Ordusu hər gün irəliləyərək işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Bu tarixi prosesdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti, qəbul etdiyi siyasi qərarlar və müharibə dövründə həyata keçirdiyi diplomatik fəaliyyət xüsusi yer tutur.

     44 günlük müharibə yalnız hərbi əməliyyatlardan ibarət deyildi. Bu, eyni zamanda, Azərbaycanın dövlətçilik tarixində siyasi, diplomatik və ictimai səfərbərliyin mühüm sınağı idi. Ölkənin bütün imkanlarının vahid məqsəd ətrafında birləşdirilməsi, xalq-ordu birliyinin qorunması və beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyinin çatdırılması həmin dövrün əsas istiqamətlərindən olmuşdur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə dövründə xalqa müntəzəm müraciətlər edir, cəbhədə baş verən hadisələr, azad edilən yaşayış məntəqələri və əldə olunan nəticələr barədə məlumat verirdi. Bu müraciətlər cəmiyyətdə baş verən proseslərin izlənilməsinə, xalqın məlumatlandırılmasına və müharibə şəraitində ictimai birliyin qorunmasına xidmət edirdi. Xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələrdə Azərbaycanın mövqeyini, münaqişənin tarixi səbəblərini və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı.

     44 gün ərzində Azərbaycan Ordusunun hər gün irəliləməsi müharibənin ən diqqətçəkən xüsusiyyətlərindən biri idi. Prezident İlham Əliyev sonrakı çıxışlarında da bu məqama xüsusi toxunaraq bildirmişdir ki, Azərbaycan Ordusu müharibənin ilk günündən son gününədək irəliyə doğru hərəkət etmişdir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və digər yaşayış məntəqələrinin azad edilməsi hərbi əməliyyatların gedişində mühüm mərhələlər olmuşdur. Bu uğurlar Azərbaycan hərbçilərinin peşəkarlığını, hazırlığını və qarşıya qoyulan məqsəd uğrunda mübarizəsini nümayiş etdirmişdir.

     Müharibənin ən mühüm tarixi hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Şuşanın azad olunması hərbi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən bu şəhərin yenidən ölkəmizin nəzarətinə keçməsi xalqın çoxillik həsrətinə son qoyan hadisələrdən biri kimi tarixə düşdü. Prezident İlham Əliyev həmin gün Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini elan etdi. Bu xəbər ölkənin hər yerində böyük sevinc və qürur hissi ilə qarşılandı.

İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti yalnız cəbhədə əldə olunan nəticələrlə məhdudlaşmırdı. Müharibə dövründə diplomatik fəaliyyətin davam etdirilməsi, beynəlxalq media ilə əlaqələrin qurulması və Azərbaycanın mövqeyinin müxtəlif platformalarda izah edilməsi də mühüm əhəmiyyət daşıyırdı. O, müsahibələrində Azərbaycanın öz ərazilərində hərbi əməliyyatlar apardığını, əsas məqsədin ərazi bütövlüyünün bərpası olduğunu bildirirdi. Beləliklə, hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatik istiqamətdə də geniş fəaliyyət həyata keçirilirdi.

    44 günlük müharibənin qələbə ilə başa çatmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaət xüsusi yer tutur. Bu Qələbə minlərlə hərbçinin Vətənə sədaqəti, xalqın birliyi və dövlətin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi nəticəsində əldə edilmişdir. Hər bir azad edilmiş yaşayış məntəqəsi Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutdu.

     2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutuldu. Beləliklə, döyüş meydanında əldə edilən nəticələr siyasi razılaşmada da öz əksini tapd

     Bu gün 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışarkən şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin xidmətlərini qiymətləndirmək və müharibə iştirakçılarının fədakarlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Azərbaycan Ordusunun 44 gün ərzində nümayiş etdirdiyi irəliləyiş, Şuşanın azad edilməsi və müharibənin siyasi nəticələri ölkəmizin müasir tarixində mühüm mərhələ təşkil edir.

   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin dövrdə həyata keçirilən siyasi və diplomatik fəaliyyət də bu tarixi prosesin ayrılmaz hissəsidir. 44 gün ərzində hər gün irəliyə doğru atılan addımlar Azərbaycan tarixində yeni səhifə açdı. Bu səhifənin əsas qəhrəmanları Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz, fədakar əsgər və zabitlərimiz, eləcə də öz birliyi ilə tarixi hadisəyə şahidlik edən Azərbaycan xalqıdır.

    44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında dövlətçilik, ərazi bütövlüyü və milli birlik tarixinin mühüm hadisəsi kimi yaşayacaqdır.

Tofiq Babayev

YAP Ordubad rayon Dəstə kənd  Bələdiyyə sədri