Azərbaycanın tarixi qələbəsi xalqımızın çoxəsrlik dövlətçilik tarixində ən şanlı və əlamətdar hadisələrdən biri kimi xüsusi yer tutur. Bu qələbə yalnız hərbi uğur deyil, eyni zamanda milli iradənin, vətənpərvərliyin, xalq-iqtidar birliyinin və güclü dövlətçilik siyasətinin təntənəsidir. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır izlər buraxmış, milyonlarla insanın doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdu. Lakin xalqımız heç vaxt öz torpaqlarından, tarixi keçmişindən və gələcəyə olan ümidindən vaz keçmədi. Azərbaycan xalqı hər zaman ərazi bütövlüyünün və suverenliyinin bərpa olunacağına inanırdı.
Tarixi qələbəyə aparan yol asan olmamışdır. Bu yol uzun illər davam edən siyasi mübarizədən, diplomatik səylərdən, iqtisadi inkişafdan və güclü ordu quruculuğundan keçmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət institutlarının gücləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi qələbənin əldə olunması üçün mühüm zəmin yaratmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın gələcək inkişafının əsasını qoymuş, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artmasına mühüm töhfələr vermişdir.
Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçmişdir. Ölkənin iqtisadi imkanlarının genişlənməsi, müdafiə potensialının gücləndirilməsi, müasir silah və texnologiyalarla təchiz edilmiş ordunun formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi tanınmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin taleyüklü mərhələsinə çevrildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Əsgər və zabitlərimizin göstərdiyi şücaət, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik tarixi qələbənin əldə olunmasında mühüm rol oynadı. Hər bir Azərbaycan vətəndaşı cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyir, ordumuzun uğurlarını öz uğuru kimi qarşılayırdı.
Vətən müharibəsi Azərbaycan xalqının milli ruhunun və vətənə bağlılığının parlaq təzahürü oldu. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələri işğaldan azad edildi. Şuşa şəhərinin azad olunması isə qələbənin ən mühüm və rəmzi hadisələrindən biri kimi tarixə düşdü. Şuşanın azad edilməsi Azərbaycanın hərbi qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş hazırlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi hadisə Azərbaycan xalqının illərdir gözlədiyi böyük sevincin və milli qürurun təcəssümü idi. Şuşanın azad olunması ilə Azərbaycan Ordusu öz gücünü və qətiyyətini nümayiş etdirdi. Məhz bu hadisədən sonra noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
Tarixi qələbənin əsas xüsusiyyətlərindən biri də Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik idi. Müharibə dövründə cəbhədə döyüşən hərbçilərimizlə yanaşı, arxa cəbhədə çalışan insanlar da ümumi məqsəd ətrafında birləşmişdilər. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırır, ölkəmizin mövqeyini müdafiə edirdilər. Bu birlik bir daha sübut etdi ki, xalqın milli maraqlar naminə bir araya gəlməsi ən böyük güc mənbəyidir.
Azərbaycanın tarixi qələbəsi beynəlxalq hüququn və ədalətin bərpası baxımından da mühüm əhəmiyyət daşıyırdı. Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmaması regionda ciddi problemlər yaratmışdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində qətiyyətli addımlar ataraq beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini ortaya qoydu. Bu qələbə bir daha göstərdi ki, dövlətin milli maraqlarını qorumaq üçün siyasi iradə, iqtisadi güc və müdafiə qabiliyyəti mühüm əhəmiyyət daşıyır.
Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması və bərpası oldu. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni abidələrimizə, dini məbədlərimizə və qəbiristanlıqlarımıza ciddi ziyan vurulmuşdu. Azərbaycan dövləti bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Müasir avtomobil yolları, tunellər, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Uzun illər Vətən həsrəti ilə yaşayan insanlar öz ata-baba torpaqlarında yenidən məskunlaşır, yeni həyat qururlar. Bu proses tarixi ədalətin bərpasının və qələbənin real nəticələrinin ən mühüm göstəricilərindəndir.
2023-cü il sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi istiqamətində tarixi mərhələ tamamlandı. Azərbaycan öz ərazisində konstitusiya quruluşunun bərpasına nail oldu. Bu hadisə dövlət müstəqilliyimizin və milli birliyimizin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Tarixi qələbə gənc nəsil üçün də böyük vətənpərvərlik məktəbidir. Bu qələbə gələcək nəsillərə Vətəni sevməyin, dövlətçiliyi qorumağın, milli birliyi yaşatmağın və tarixi yaddaşa sahib çıxmağın əhəmiyyətini öyrədir. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Rəvanə Seyidova
YAP Ordubad rayon təşkilatının fəalı