Şuşa Azərbaycanın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, zəngin mədəniyyətini və dövlətçilik ənənələrini özündə yaşadan müqəddəs şəhərdir. Uzun illər işğal altında qalan bu qədim şəhərin azadlığına qovuşması Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli qürur və dövlətimizin qüdrətinin təntənəsinə çevrilmişdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində Şuşanın işğaldan azad edilməsi şəhərin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın öz tarixi torpaqlarına, milli-mədəni irsinə və gələcək nəsillərə olan məsuliyyətinin bariz nümunəsidir. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə şəhərin tarixi siması qorunur, dağıdılmış infrastruktur yenidən qurulur, tarixi abidələr bərpa edilir, müasir yaşayış və xidmət obyektləri yaradılır. Şuşanın əvvəlki şöhrətinin qaytarılması həm də Azərbaycanın suverenliyinin, iqtisadi imkanlarının və quruculuq əzminin nümayişidir.
Şuşanın beynəlxalq əhəmiyyəti də getdikcə artır. Şəhərin müxtəlif dövlətlərin nümayəndələrini qəbul etməsi, burada keçirilən beynəlxalq tədbirlər və yüksək səviyyəli görüşlər onun Azərbaycanın diplomatik və mədəni həyatında mühüm mərkəzə çevrildiyini göstərir.
Şuşanın azadlığı ilə Azərbaycan xalqının çoxəsrlik tarixində yeni bir səhifə açılmışdır. Bu gün şəhərdə aparılan işlər yalnız dağıdılmış binaların yenidən qurulması ilə məhdudlaşmır. Burada milli kimliyin, tarixi yaddaşın, mədəniyyətin və mənəvi dəyərlərin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi, onun beynəlxalq miqyasda tanıdılması və şəhərdə həyatın canlandırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfərləri, xarici dövlətlərin rəhbərləri ilə burada keçirdiyi görüşlər və aparılan quruculuq işləri ilə yerində tanış olması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Şuşaya göstərdiyi diqqət şəhərin tarixi simasının qorunması, sosial-iqtisadi inkişafı və gələcək nəsillərə bütöv şəkildə çatdırılması baxımından mühüm nəticələr verir.
2025-ci il sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşaya səfəri xüsusi siyasi və rəmzi əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşada birgə iştirakı Azərbaycan ilə BƏƏ arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ifadəsi kimi diqqət çəkmişdir.
Prezidentlər Şuşada Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət başçılarına məscidin layihəsi və burada həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu möhtəşəm ibadət ocağı Şuşanın yeni memarlıq rəmzlərindən biri olacaq. Məscidin memarlıq konsepsiyasında Azərbaycanın tarixi Zəfərini ifadə edən rəmzlər xüsusi yer tutur. Belə ki, binanın forması 8 rəqəmini, iki minarəsi isə 11 rəqəmini əks etdirir. Bu elementlər 8 Noyabr – Zəfər Gününə və Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsinə işarədir. Məscidin xarici görünüşündə Şuşanın qədim məscidlərinin memarlıq elementlərindən və həndəsi naxışlarından istifadə olunması milli memarlıq ənənələrinin müasir üslubda yaşadılmasına xidmət edir.
Prezidentlərin Cıdır düzündə Qarabağ atlarının şousunu izləmələri də səfərin yaddaqalan məqamlarından biri olmuşdur. Qarabağ atları xalqımızın qədim tarixini, milli mədəniyyətini və zəngin atçılıq ənənələrini özündə təcəssüm etdirir. Bu atların özünəməxsus gözəlliyi, dözümlülüyü və zərifliyi Azərbaycan xalqının milli sərvətidir. Cıdır düzündə nümayiş etdirilən atçılıq nümunələri Qarabağın tarixi-mədəni irsinin beynəlxalq qonaqlara təqdim olunması baxımından mühüm əhəmiyyət daşımışdır.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentlərinin Şuşa qalasının önündə birgə foto çəkdirmələri də rəmzi məna daşıyır. Şuşa qalası əsrlər boyu şəhərin müdafiə qüdrətinin, tarixi iradəsinin və milli kimliyinin simvolu olmuşdur. Bu gün Azərbaycan bayrağının dalğalandığı Şuşa qalası xalqımızın əzmini, dövlətimizin gücünü və tarixi ədalətin bərpasını nümayiş etdirir.
Səfər çərçivəsində Şuşada Prezident İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə rəsmi naharın verilməsi də iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin göstəricisi olmuşdur. Bütün bu məqamlar Şuşanın artıq yalnız Azərbaycanın tarixi və mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq diplomatik görüşlərin keçirildiyi mühüm məkana çevrildiyini təsdiqləyir.
2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin Şuşaya səfəri şəhərdə aparılan bərpa, quruculuq və abadlıq işlərinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Səfər zamanı dövlət başçısı Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olmuş, doğma yurdlarına qayıdan sakinlərlə görüşmüş, şəhərdə tarixi-memarlıq abidələrinin bərpası və müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinə baxmışdır.
Kiçik Qaladərəsi kəndində aparılan işlər Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinin mühüm nümunələrindəndir. Uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin öz torpaqlarına qayıtması dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin real nəticəsidir. Kənddə fərdi yaşayış evlərinin bərpası, yol, su, qaz və elektrik təchizatının yenilənməsi, sosial infrastrukturun yaradılması insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə yönəlib.
Prezident İlham Əliyevin Şuşa səfəri çərçivəsində şəhərin tarix-memarlıq abidələrindən biri olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirakı xüsusi mədəni əhəmiyyət daşıyır. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tarzən, bəstəkar və tarın təkmilləşdirilməsində mühüm xidmətləri olan Mirzə Sadıq Əsəd oğlunun – Sadıqcanın yaşadığı bu ev milli musiqi tariximizin qiymətli yadigarlarından biridir.
Sadıqcan Azərbaycan muğam sənətinin inkişafında, tar ifaçılığının yeni mərhələyə yüksəlməsində müstəsna xidmətlər göstərmiş sənətkarlardandır. Onun adı Azərbaycan musiqi mədəniyyətində xüsusi ehtiramla çəkilir. Belə bir şəxsiyyətin yaşadığı evin bərpası təkcə memarlıq abidəsinin qorunması deyil, həm də xalqımızın musiqi tarixinin, sənət ənənələrinin və mədəni yaddaşının yaşadılması baxımından mühüm hadisədir.
Dövlət başçısının səfəri zamanı Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olması da diqqət çəkən məqamlardandır. Bu layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və özəl sektorun quruculuq prosesinə cəlb olunması baxımından əhəmiyyətlidir.
Şuşanın Qarabağ küçəsində həyata keçirilən layihələr şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişafına, tarixi görkəminin qorunmasına və turizm imkanlarının genişləndirilməsinə xidmət edir. Burada əsas məqsəd şəhərin qədim memarlıq üslubunu saxlamaqla yanaşı, müasir tələblərə cavab verən infrastruktur formalaşdırmaqdır. Bu yanaşma Şuşanın həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər üçün cəlbedici məkana çevrilməsinə imkan yaradır.
Prezident İlham Əliyevin Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlığı şəhərin turizm potensialının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa zəngin tarixi, füsunkar təbiəti, milli-mədəni irsi və özünəməxsus memarlıq üslubu ilə Azərbaycanın ən mühüm turizm mərkəzlərindən biridir.
Şəhərdə hotel infrastrukturunun genişləndirilməsi turistlərin və şəhərə səfər edən qonaqların yerləşmə imkanlarının artırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və turizm sektorunun inkişafına şərait yaradır. Yeni korpusların yaradılması Şuşada artan turizm marağının və şəhərin gələcək inkişaf perspektivlərinin göstəricisidir.
Turizm infrastrukturunun inkişafı eyni zamanda yerli iqtisadiyyatın canlanmasına, xidmət sahələrində yeni iş imkanlarının yaranmasına və sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verir. Şuşanın tarixi abidələri, muzeyləri, mədəniyyət ocaqları, təbiət mənzərələri və milli mətbəxi şəhərin turizm cəlbediciliyini artıran əsas amillərdir.
Ən əsası, Şuşanın dirçəlişi Azərbaycan xalqının birliyinin, iradəsinin və dövlətimizin gücünün təcəssümüdür. Vaxtilə dağıntılara məruz qalmış, tarixi-mədəni irsinə ciddi zərər vurulmuş bu şəhər bu gün yenidən qurulur, abadlaşır və inkişaf edir. Şuşanın küçələrində həyatın canlanması, sakinlərin doğma yurdlarına qayıtması, tarixi abidələrin bərpası xalqımızın böyük Zəfərinin davam edən nəticələridir.
Şübhəsiz ki, Şuşada həyata keçirilən layihələr şəhərin gələcək inkişafına, Qarabağın sosial-iqtisadi potensialının reallaşdırılmasına və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Şuşa bundan sonra da Azərbaycan xalqının milli qürur mənbəyi, mədəniyyətimizin beşiyi və dövlət müstəqilliyimizin sarsılmazlığını nümayiş etdirən müqəddəs məkan kimi yaşayacaq.
Şuşanın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı, gələcəyə inamının və quruculuq əzminin parlaq ifadəsidir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri