Şuşa – Zəfərimizin tacı, milli qürurumuzun əbədi ünvanı

Şuşa – Zəfərimizin tacı, milli qürurumuzun əbədi ünvanı

 

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, milli birlik və tarixi ədalətin təntənəsi kimi həkk olunub. Bu əlamətdar gün xalqımızın iradəsinin, ordumuzun misilsiz şücaətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təcəssümüdür. Şuşanın azadlığı yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, Azərbaycanın tarixi-mədəni irsinə, milli mənəviyyatına və dövlətçilik qüruruna qovuşması idi.

Tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna yer tutan Şuşa Qarabağın döyünən ürəyi, milli musiqimizin, poeziyamızın və incəsənətimizin beşiyi olub. Pənahəli xan tərəfindən əsası qoyulan bu qədim şəhər əsrlər boyu görkəmli şəxsiyyətlər yetişdirib, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül kimi korifeylərin adı ilə şöhrət qazanan Şuşa xalqımızın tarixi yaddaşında hər zaman müqəddəs məkan kimi yaşayıb.

Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyası ilə qoyulmuşdu. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və prinsipial xarici siyasət Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasına zəmin yaratdı.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun həyata keçirdiyi misilsiz Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Sıldırım qayalar, keçilməz yollar və mürəkkəb relyef şəraitində qəhrəmanlıq göstərən hərbçilərimizin əlbəyaxa döyüşlərdə nümayiş etdirdiyi şücaət Şuşanın azadlığını təmin etdi. Bu qələbə Ermənistanın hərbi-siyasi müqavimətini sarsıtdı və Vətən müharibəsinin taleyini həll edən həlledici amillərdən oldu.

Prezident İlham Əliyevin Şuşanın azad edildiyini dünyaya bəyan edərkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Dövlət başçısının ata vəsiyyətini yerinə yetirməsi ilə bağlı fikirləri isə bu tarixi Qələbənin mənəvi dəyərini daha da yüksəltdi. Şuşanın azadlığı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bahasına qazanıldı.

Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq mərhələsinə start verildi. Prezident İlham Əliyevin mütəmadi səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr şəhərin tarixi simasının qorunmasına və yenidən dirçəldilməsinə mühüm töhfə verdi. “Qarabağ” hotelinin yenidən qurulması, Vaqifin məqbərə kompleksinin və muzeyinin bərpası, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı, məscidlərin və tarixi abidələrin bərpası bu istiqamətdə görülən işlərin mühüm nümunələridir.

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasını, tarixi-memarlıq irsinin qorunmasını və dayanıqlı inkişafını nəzərdə tutur. Yeni yaşayış komplekslərinin inşası, ilk sakinlərin doğma yurdlarına qayıdışı, sosial infrastrukturun yaradılması, Daşaltı kəndində və digər ərazilərdə həyata keçirilən layihələr Böyük Qayıdışın real təzahürüdür. Şəhərdə müalicə-sağlamlıq mərkəzinin, yaşayış komplekslərinin istifadəyə verilməsi və yeni layihələrin təməlinin qoyulması Şuşanın həyat ritmini bərpa edir.

Bu gün Şuşa yalnız dirçələn şəhər deyil, həm də beynəlxalq əməkdaşlıq, mədəniyyət və dialoq məkanına çevrilib. 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması onun beynəlxalq nüfuzunun göstəricisidir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları şəhərin zəngin mədəni irsini dünyaya tanıdır. Xarici dövlət başçılarının Şuşaya səfərləri, burada keçirilən görüşlər və beynəlxalq tədbirlər isə şəhərin regional və qlobal əhəmiyyətini daha da artırır.

8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, xalqın milli iradəsi, dövlətin qüdrəti və ordunun qəhrəmanlığı bir amal ətrafında birləşdikdə ən mürəkkəb tarixi sınaqlardan belə qalib çıxmaq mümkündür. Şuşa bu gün azadlığın, yenilməzliyin və milli qürurun rəmzi kimi yüksəlir. Onun hər daşı, hər küçəsi, hər tarixi abidəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaşadır. Şuşa artıq keçmişin nisgili deyil, bu günün quruculuq ünvanı, gələcəyin inkişaf və tərəqqi məkanıdır.

 

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı