Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi

Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi

 

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli-mənəvi yaddaşında və mədəni həyatında özünəməxsus yeri olan Şuşa şəhəri hər zaman xüsusi əhəmiyyəti ilə seçilib. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi adlandırılan bu qədim şəhər xalqımızın tarixi kimliyinin, milli ruhunun və zəngin mənəvi irsinin parlaq təcəssümüdür. 8 Noyabr – Şuşa Şəhəri Günü isə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini, xalqımızın qəhrəmanlığını və tarixi ədalətin bərpasını özündə əks etdirir.

2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistanın işğalından azad etdi. 44 günlük Vətən müharibəsinin ən həlledici və taleyüklü hadisələrindən biri olan Şuşanın azad edilməsi hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi yazıldı. Sıldırım qayaları, çətin relyefi və strateji mövqeyi ilə seçilən şəhərin düşmən işğalından azad edilməsi Azərbaycan əsgərinin yüksək döyüş ruhunun, cəsarətinin, peşəkarlığının və Vətən sevgisinin təntənəsi oldu.

Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının uzun illər davam edən həsrətinə son qoyuldu, milli qürurumuz və tarixi ədalət bərpa edildi. Bu möhtəşəm Zəfər müharibənin taleyində həlledici rol oynadı və Ermənistanın kapitulyasiyasına gedən yolu müəyyənləşdirdi. Məhz Şuşa Qələbəsi Azərbaycanın hərbi-siyasi qüdrətinin dünyaya nümayişi olmaqla yanaşı, xalqımızın birliyinin və milli həmrəyliyinin rəmzinə çevrildi.

Şuşa yalnız hərbi-strateji əhəmiyyətə malik şəhər deyil, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynamış tarixi mərkəzdir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu kimi görkəmli şəxsiyyətlərin adları bu şəhərin mədəni zənginliyini və bəşəriyyətə bəxş etdiyi dəyərləri nümayiş etdirir. Şuşanın musiqi ənənələri, muğam sənəti, memarlıq abidələri və ədəbi mühiti onu Azərbaycan xalqının mənəvi xəzinəsinin ayrılmaz hissəsinə çevirib.

Şuşanın beynəlxalq səviyyədə tanınması da onun tarixi və mədəni əhəmiyyətinin bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2021-ci ildə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının iclasında Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu qərar bütün türk xalqlarının ortaq tarixinə, mədəni irsinə və mənəvi dəyərlərinə verilən yüksək qiymətin ifadəsi olmaqla, türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Şuşanın beynəlxalq mədəni nüfuzunun daha bir təsdiqi onun 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi olub. 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul edilən bu qərar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə İslam sivilizasiyasının zəngin mədəni irsində mühüm yer tutduğunu bir daha təsdiqləyib. Beləliklə, Şuşa həm Türk dünyasının, həm də İslam dünyasının mədəniyyət xəritəsində xüsusi mövqeyə sahib olan şəhər kimi beynəlxalq miqyasda tanınıb.

İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Tarixi-mədəni abidələrin bərpası, şəhərin infrastrukturunun yenilənməsi, yolların, yaşayış və ictimai obyektlərin inşası istiqamətində mühüm layihələr həyata keçirilib. Şuşada keçirilən beynəlxalq tədbirlər, festivallar, konsertlər və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətinin bərpasına, onun dünya miqyasında tanıdılmasına xidmət edir. Bu gün Şuşa həm tarixi keçmişini yaşadır, həm də müasir Azərbaycanın inkişaf və quruculuq salnaməsinin mühüm ünvanlarından birinə çevrilir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Şuşanın yenidən dirçəldilməsi, sakinlərin doğma yurda qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Vaxtilə işğalın ağır nəticələrinə məruz qalmış şəhər bu gün həyatın, quruculuğun, mədəni dirçəlişin və gələcəyə inamın məkanına çevrilir.

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımız üçün sadəcə təqvim tarixi deyil. Bu gün qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, Azərbaycan Ordusunun şücaətinə verilən yüksək qiymət və milli birliyimizin təntənəsidir. Şuşanın azadlığı ilə qazanılan tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin sarsılmazlığının parlaq göstəricisidir.

Bu əlamətdar gün bir daha təsdiq edir ki, Şuşa Azərbaycanın milli qürur mənbəyi, mədəniyyətimizin beşiyi və əbədi olaraq doğma torpağımızdır. Şuşanın azadlığı ilə yazılan tarix gələcək nəsillərə Vətən sevgisinin, qəhrəmanlığın, birliyin və milli ruhun ən böyük nümunəsi kimi ötürüləcəkdir.

 

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri