Müşahidələrdən şahidi oluruq ki, bir çox gənc nəsil nümayəndələrinin dilində nitq qüsurları olur. Təəssüf ki, belə hallar ətrafdakı insanlara da öz mənfi təsirini göstərir.
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, bundan əlavə son dönəmlər televiziyada da türk dilinin elemtlərinə rast gəlirik: "Azərbaycan dili müstəqil dildir və bütün vətəndaşlar dilimizə hörmətlə yanaşmalıdırlar. Lakin buna baxmayaraq süni və yersiz xarici dillərə aid sözlərdən istifadə olunur.
Təbii ki, türk dilindən qədim milli mənşəyi sözlərin gəlməsinə etiraz etmirik".
Qeyd edək ki, gənclərin hansı dildə danışması onların böyüdüyü ailələrdən asılıdır. Məsələn, son dönəmlərdə rus dilli məktəblərin sayı artmaqdadır və bəzi hallarda tədris üçün müəllim tapmaqda çətinliklər olur. Bu, dilə tələbatın olduğunun bir göstəricisidir.
B. Məhərrəmli bildirir ki, əgər bir insan daim xarici dildə danışırsa o, təmsil etdiyi dildə düşünəcək və milli təfəkkürdən uzaqlaşacaq: "Lakin qeyd etməliyik ki, beynəlxalq əlaqələr üçün xarici dillərin öyrənilməsi çox vacibdir. Gənclərin xaricə dilə üstünlük verməsinin bir sıra səbəbləri var. Bəzən karyera quranda xarici dili yaxşı bilənlərə daha çox üstünlük verilir. Digər tərəfdən də bəzi gənclər xaricə getmək üçün bu dillərin öyrənməsinə maraqlıdırlar. Amma ana dilini qüsursuz bilmək də vacibdir”
Havar Şəfiyeva