Şərqi Avropa və Şimali Asiyada ən yüksək nəticə

Şərqi Avropa və Şimali Asiyada ən yüksək nəticə

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Noyabrın 16-da Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan BTİ-nin Şurasının 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv qəbul olunub və BTİ-nin idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.

BTİ qlobal radio tezliklərin bölüşdürülməsini, peyk orbitlərini və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq texniki standartları idarə edən ixtisaslaşmış beynəlxalq təşkilatdır. 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz 2014, 2018 və 2022-ci illərdə ard-arda Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya üzv seçilib və bu illər ərzində təşkilatın fəailiyyətində fəal iştirak edir.

Azərbaycanın BTİ Şurasına ardıcıl dördüncü dəfə üzv seçilməsi və təqdim etdiyi namizədin Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanması beynəlxalq telekommunikasiya ictimaiyyətinin ölkəmizə göstərdiyi etimadın göstəricisidir.

35 ilə yaxın faydalı əməkdaşlıq

Azərbaycan - Beynəlxalq Telekommunikasiya İttifaqı münasibətlərinin 35 ilə yaxın tarixi var. Ölkəmiz 1992-ci ildə BTİ-yə üzv qəbul olunub və 1995-ci ildən sıx əməkdaşlıq münasibətləri müxtəlif layihələrdə özünü təsdiqləyib. Azərbaycan nümayəndə heyətləri BTİ-nin müxtəlif tədbirlərdə iştirak edib, eləcə də təşkilatın rəhbər heyəti dəfələrlə Bakı keçirilmiş Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak ediblər.

Azərbaycanın işğal olunmuş ərazilərində informasiya və kommunikasiya texnologiyaları sahəsində qeyri-qanuni çalışan şirkətlərin fəaliyyətlərinə xitam verilməsi üçün BTİ üzv ölkələri arasında təmimi əsasda yayılması məqsədilə 2017-ci ildə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən BTİ-nin baş katibinə müvafiq məktub ünvanlanıb, təşkilatın operativ reaksiyası sayəsində Azərbaycanın haqlı mövqeyi dəstəklənib.

BTİ ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, faydalı və işgüzar münasibətlər nəzərə alınaraq, 2015-ci ildə BTİ-nin 150-ci ildönümünü münasibətilə ölkəmiz təşkilatın 3 “Qızıl Tərəfdaş”ından biri seçilib.

MDB-də ilk innovasiya ekosistemi - BTİ-nin Bakı Akselerasiya Mərkəzi

2025-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişinin təsdiq edilməsi münasibətlərdə yeni mərhələni başladı. Regional Akselerasiya Mərkəzinin əsas prioritetləri startapların, biznes subyektlərinin, dövlət qurumları və təhsil müəssisələrinin əməkdaşlığı vasitəsilə innovativ sahibkarlıq potensialının gücləndirilməsi, ekosistemdə bilik və təcrübə mübadiləsinin, eləcə də beynəlxalq şəbəkələşmənin təşviqidir ki, bu istiqamətdə uğurlu addımlar atılmaqdadır.

Yeri gəlmişkən, BTİ Regional Akselerasiya Mərkəzi MDB bölgəsində ilk olaraq Azərbaycanda açılıb ki, bu da ölkəmizə olan dərin etibarın nümunəsidir. Mərkəz Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında innovativ ekosistemlərin əlaqələndirilməsi, KOB-lar, böyük şirkətlər, dövlət qurumları, universitetlər, tədqiqatçılar, investor və QHT-lərin regional innovasiya layihələrinə inteqrasiyasının sürətləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirib. Bununla yanaşı, innovasiya ekosistemində bazar və maliyyə əlçatanlığı, infrastruktur imkanları və insan kapitalının inkişafı təşviq edilməkdədir.

Rəqəmsal transformasiyanın inkişafına dəstək

Beləliklə, BTİ ilə Azərbaycan arasında əməkdaşlıq hər il yeni istiqamətlər üzrə daha da güclənir, rəqəmsal inkişafın tələblərinə uyğun yeni layihələrə qərar verilir. Bu baxımdan BTİ Şurasında təmsilçilik ölkəmizə təşkilatın strateji prioritetlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm qərarların qəbulunda, eləcə də qlobal rəqəmsal gündəliyin formalaşdırılmasında birbaşa iştirak etmək imkanı yaradacaq. Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcək.

Şuraya üzvlük, həmçinin Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.

E.CƏFƏRLİ