Dünyanın taleyi dəyişəcəkmi?

Dünyanın taleyi dəyişəcəkmi?

ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü nə vəd edir?

Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının  Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı olan APEC-in noyabrın 18-19-da keçiriləcək 33-cü zirvə toplantısı çərçivəsində baş tutmalıdır. Üçtərəfli görüş beynəlxalq siyasətdə böyük geosiyasi əhəmiyyət daşıya biləcək hadisə hesab olunur. Noyabrın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Noyabrın 16-da isə Çin Xarici İşlər Nazirliyi Si Cinpinin görüşdə iştirakını təsdiqləyib.

Ukrayna mövzusu müzakirə ediləcək

ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin ilkin olaraq  jurnalistlərə verdikləri məlumata görə, ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi istisna edilmir. Rəsmilər tərəfindən  Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilmişdi. Lakin Tramp özü bu açıqlamanı təkzib edib. Ağ Ev lideri Asiya səfərinə yola düşməzdən əvvəl jurnalistlərə müsahibəsində Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırdığını söyləyib. “Biz mənim sevimli mövzum olan Ukrayna haqqında danışacağıq. Ukrayna uduzur, Rusiya isə ay ərzində 25 min əsgər itirir. Buna görə də bu məsələni müzakirə edəcəyik”, - deyə Tramp qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin isə media brifinqində bildirib ki, Çin, ABŞ və Rusiyanın dövlət başçıları üçtərəfli görüşdə dünyada sülhün qorunması və böyük dövlətlər arasındakı münasibətlərdə strateji sabitliyin təmin edilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar. Çin, ABŞ və Rusiyanın BMT-nin təsisçi üzvləri və qurumun Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu xatırladan XİN rəsmisi vurğulayıb ki, bu 3 ölkə dünya antifaşist müharibəsində qələbə qazanmaq üçün çiyin-çiyinə vuruşub. Mao Nin deyib ki, mövcud şəraitdə hər 3 ölkə qlobal çağırışların həlli, həmçinin dünyada sülhün və sabitliyin təşviqi istiqamətində birgə fəaliyyət göstərmək üçün mühüm məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, əlaqələrin gücləndirilməsi, fikir ayrılıqlarının idarə olunması və sabit münasibətlərin qorunub saxlanılması hər üç ölkənin maraqlarına uyğundur: “Bu, həm də beynəlxalq ictimaiyyətin gözləntisidir və qlobal sabitliyə, eləcə də dialoq və əməkdaşlığa töhfə verir”.

“Rusiya və Çin çoxqütblü dünya nizamının tərəfdarıdır”

Üçtərəfli görüşün noyabrın 19-da keçirilməsi nəzərdə tutlsa da, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında liderlərin iş qrafikinin olduqca gərgin olduğunu söyləyib: “Həm Vladimir Putinin, həm də Donald Trampın digər mühüm ikitərəfli görüşləri nəzərdə tutulub. Buna görə də danışıqlar üçün münasib vaxtın müəyyənləşdirilməsi zəruridir”. D.Peskov, həmçinin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşün əsas mövzularının artıq razılaşdırıldığını bildirib. Bununla belə, bəzi məsələlərin birbaşa danışıqlar zamanı gündəmə gətirilə biləcəyini istisna etməyib.

Üç ölkənin liderlərinin dünyanın gələcək taleyini müəyyənləşdirmək üçün bir araya gələcəkləri barədə fikirlərə münasibət bildirən Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və Çin çoxqütblü dünya nizamının tərəfdarıdır və digər dövlətlərin taleyinə müdaxilənin əleyhinədir: “Biz istəmirik ki, kimsə bizim taleyimizi həll etsin və heç vaxt başqalarının taleyini müəyyənləşdirmək iddiasında da olmayacağıq”.

Ümumiyyətlə, bu görüşdən nə gözlənilir?

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək üçtərəfli görüş beynəlxalq münasibətlər sistemində son illərin diqqətçəkən diplomatik hadisələrindən biri kimi qiymətləndirilə bilər. Görüşün APEC sammiti çərçivəsində keçirilməsi isə onun əhəmiyyətini daha da artırır. Çin tərəfi danışıqların qlobal sülhün qorunması və böyük dövlətlər arasında strateji sabitliyin təmin edilməsi məsələlərini əhatə edəcəyini açıqlayıb.

Politoloq ilk növbədə onu qeyd edib ki, bu görüşə yalnız üç dövlət arasında diplomatik təmas kimi yanaşmaq düzgün olmaz: “Çünki ABŞ, Çin və Rusiya beynəlxalq təhlükəsizlik sisteminin, qlobal iqtisadi münasibətlərin və geosiyasi proseslərin istiqamətinə təsir göstərən əsas güc mərkəzləridir. Onların münasibətlərində baş verən dəyişikliklər Avropadan Asiya-Sakit okean regionunadək geniş coğrafiyada siyasi və iqtisadi nəticələr yaradır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Şençjen görüşünün mövcud rəqabət şəraitində böyük dövlətlərin qarşılıqlı münasibətləri hansı çərçivədə tənzimləmək niyyətində olduqlarını müəyyənləşdirmək üçün əhəmiyyəti kifayət qədər yüksək qiymətləndirilir. Görüşün əsas müzakirə istiqamətlərindən birinin nüvə təhlükəsizliyi və strateji silahlanmaya nəzarət məsələsi olacağı gözlənilir. Xüsusilə də, ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan yeni START müqaviləsinin 2026-cı ilin fevralında başa çatması beynəlxalq təhlükəsizlik üçün yeni çağırışlar yaradıb. Digər tərəfdən isə ABŞ Çinin də gələcək silahlanmaya nəzarət mexanizmlərinə cəlb olunmasında maraqlıdır. Lakin burada tərəflərin mövqeləri üst-üstə düşmür. ABŞ və Rusiyanın nüvə arsenalı Çinin arsenalından xeyli böyükdür. Ona görə də, Pekin bərabərhüquqlu məhdudiyyətlərə qoşulmaq üçün əvvəlcə mövcud nüvə balansının nəzərə alınmasını vacib saya bilər. Deməli, görüşdə bu məsələnin müzakirəsi mümkün olsa da, qısa müddətdə konkret razılaşmanın əldə olunması real görünmür”. 

Aytən Qurbanova: Üç dövlətin İranla bağlı maraqlarının fərqli olması vahid mövqenin formalaşmasını çətinləşdirir

A.Qurbanovanın fikrincə, digər mühüm istiqamət Orta Şərqdəki hərbi-siyasi vəziyyət, xüsusilə İran ətrafında yaranmış gərginlikdir. Trampın bu məsələyə xüsusi diqqət ayırmaq niyyətində olması təsadüfi deyil. İranın regional mövqeyi, Hörmüz boğazının təhlükəsizliyi, enerji təchizatının fasiləsizliyi və neft bazarlarında sabitlik ABŞ-nin iqtisadi və təhlükəsizlik maraqları ilə birbaşa bağlıdır. Çin isə İranın mühüm iqtisadi tərəfdaşlarından biri, Rusiya da Tehranla siyasi və hərbi əməkdaşlıq münasibətləri olan dövlətdir. Belə olan halda Vaşinqtonun Pekin və Moskva ilə dialoqu İran ətrafında eskalasiyanın qarşısının alınması və regional təhlükəsizlik məsələlərində müəyyən anlaşmanın əldə edilməsi baxımından əhəmiyyət daşıya bilər. Həmçinin üç dövlətin İranla bağlı maraqlarının fərqli olması vahid mövqenin formalaşmasını çətinləşdirir. Rusiya-Ukrayna müharibəsi də görüşün siyasi kontekstində xüsusi yer tutur. ABŞ rəsmiləri əvvəlcə Ukrayna məsələsinin üçtərəfli danışıqların əsas gündəliyində nəzərdə tutulmadığını bildirsələr də, Tramp bu mövzunu müzakirə etmək niyyətini ifadə edib. Burada diqqət çəkən məqam Moskvanın müharibənin dayandırılması prosesində Vaşinqtonla münasibətlərini yeni mərhələyə keçirmək, Pekinin isə bu prosesdə öz diplomatik mövqeyini qorumaq istəyidir. Çin münaqişənin həllində siyasi dialoqun tərəfdarı olduğunu bəyan etsə də, Ukrayna məsələsinin Avropa təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu və Avropa ölkələrinin də danışıqlarda iştirakının vacibliyini vurğulayır.

“Beləliklə, Şençjen görüşündə Ukrayna məsələsinin hansı səviyyədə müzakirə ediləcəyi və mümkün diplomatik təşəbbüslərin hansı çərçivədə formalaşacağı diqqət mərkəzində olacaq. Görüşün digər mühüm tərəfi isə ABŞ-Çin münasibətlərində iqtisadi və texnoloji rəqabətin gələcək istiqamətidir. Ticarət tarifləri, strateji xammal və nadir torpaq elementlərinin təchizatı, süni intellekt və yüksək texnologiyalar sahəsində üstünlük uğrunda mübarizə iki ölkə münasibətlərində əsas problemli məsələlərdir. Çin qlobal istehsal və təchizat zəncirlərindəki mövqeyini qorumağa, ABŞ isə strateji texnologiyalar və kritik resurslar sahəsində Çindən asılılığı azaltmağa çalışır. Bu ziddiyyətlər yalnız ikitərəfli ticarətə deyil, bütövlükdə dünya iqtisadiyyatına təsir göstərir. APEC sammitinin əsas gündəliyində də azad ticarət, rəqəmsal iqtisadiyyat, innovasiya və süni intellekt məsələlərinin yer alması Şençjen görüşünün iqtisadi əhəmiyyətini artırır” - deyən politoloq əlavə edib ki, görüşün geosiyasi əhəmiyyətini müəyyənləşdirən əsas məqam üç dövlətin bir-birinə münasibətdə strateji prioritetləridir. ABŞ qlobal liderliyini və beynəlxalq proseslərə təsir imkanlarını qorumağa, Çin iqtisadi və siyasi gücünü beynəlxalq sistemdə daha geniş mövqeyə çevirməyə, Rusiya isə Qərblə münasibətlərdəki mövcud məhdudiyyətləri azaltmağa və beynəlxalq siyasətdə təsir imkanlarını saxlamağa çalışır. Bu maraqların müəyyən məsələlərdə uzlaşması mümkündür, lakin onların strateji rəqabəti aradan qaldıracağını düşünmək doğru olmaz.

Bu format beynəlxalq münasibətlər sistemində mühüm siyasi mesajdır

Eyni zamanda, həmsöhbətimiz hesab edir ki, belə bir formatın özü beynəlxalq münasibətlər sistemində mühüm siyasi mesaj xarakteri daşıyır: “Üç böyük dövlətin qlobal təhlükəsizlik məsələlərini birbaşa müzakirə etməsi onların beynəlxalq proseslərə təsir imkanlarını nümayiş etdirir. Nəticə etibarilə, Şençjen görüşündən dərhal tarixi razılaşmalar gözləmək üçün hələlik əsas yoxdur. Tərəflərin fərqli strateji maraqları, nüvə silahlarına nəzarət, İran ətrafındakı vəziyyət və beynəlxalq iqtisadi rəqabət kimi məsələlər ortaq qərarların əldə olunmasını çətinləşdirir. Bununla yanaşı, üç nüvə dövlətinin liderləri arasında birbaşa dialoqun qurulması belə beynəlxalq təhlükəsizlik baxımından mühüm hadisə hesab oluna bilər. Görüşün əsas nəticəsi isə yeni dünya nizamının son mərhələsinin müəyyənləşdirilməsi deyil, mövcud rəqabətin hansı sərhədlər daxilində idarə olunacağının və böyük dövlətlərin qlobal sabitlik naminə nə dərəcədə əməkdaşlığa hazır olduqlarının üzə çıxması ola bilər”.

N.BAYRAMLI