Dövlət atributlarının hər biri bizim üçün qürurvericidir – onlar dünya birliyində xalqımızın vizit vərəqidir, bizim milli kimliyimizi təcəssüm etdirir.
Bu atributlar sırasında aylı-ulduzlu bayrağımızın isə xüsusi yeri var. Bayrağımız başımız üstündə dalğalananda, hər dəfə dövlət himnimiz səslənərkən “Üçrəngli bayrağınla məsud yaşa!” sədasını eşidəndə ruhumuza qeyri-adi bir dinclik gəlir, özümüzü bəxtəvər, xoşbəxt və güvənli sanırıq. “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” , - deyə Ümummilli Lider Heydər Əliyev vurğulayırdı.
Noyabrın 9-da respublikamızda Dövlət Bayrağı Günü qeyd olunur. Bununla bağlı Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Sərəncam imzalayıb.
Ulu Öndər Heydər Əliyevin tarixi qərarı
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Həmin bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Təəssüf ki, AXC-nin ömrü qısa oldu - cəmi 23 aydan sonra süqut etdi. Lakin AXC süqut etsə də, xalqımız azadlıq ideyalarını hər zaman qəlbində yaşatdı və ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşdu.
Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın dövlət atributu kimi müəyyənləşdirilməsinədək çətin yol keçilib və burada Ulu Öndər Heydər Əliyevin müstəsna rolu var. Məlumdur ki, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik edərkən gələcək müstəqilliyimizin güclü ideoloji və iqtisadi əsaslarını yaratmağa nail olmuşdu. Bu gün etiraf olunur ki, Onun şəxsiyyəti və geniş əhatə dairəsinə malik olan fəaliyyəti xalqımızın özünüdərk hissinin güclənməsində müstəsna rol oynayıb.
XX yüzilliyin sonlarında ikinci dəfə müstəqilliyə qovuşmağımız da bilavasitə Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olub. O, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvanda çətin şəraitdə yaşamasına baxmayaraq, müstəqillik ideyalarını dönməz şəkildə təşviq edirdi. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı da 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında qaldırılıb və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. Keçmiş ittifaqın hələ mövcud olduğu bir şəraitdə Heydər Əliyev tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi və reallaşdırılması böyük cəsarət tələb edirdi. “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”, - deyə Ulu Öndərin özü sonralar xatırlayırdı.
Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı Dövlət Bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
Düşmənə göz dağı olan Qələbə bayrağı
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir Meydanın açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il sentyabrın 1-də baş tutub. Burada həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılıb. 2010-cu il noyabrın 9-da istifadəyə verilən muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib.
Meydan əsaslı yenidənqurmadan sonra 2024-cü il noyabrın 8-də yenidən açılıb və Prezident İlham Əliyev burada Azərbaycan Bayrağını qaldırıb. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Muzey altı sərgi salonundan ibarətdir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur; “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”, - deyə Prezident İlham Əliyev bayrağımıza yüksək münasibətini ifadə edib.
Əzəmətli bayrağımız Vətən müharibəsində, antiterror əməliyyatında qələbə bayrağına çevrildi. Hərbiçilərimiz şəhər və kəndlərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə bayrağımızı öpərək və ona and içərək ürəklərinin başına qoyurdular. Onlar bu bayrağı Vətənin rəmzi sayırdılar. Şanlı qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev tarixi zəfərlərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən də Xankəndinə səfərləri zamanı orada Azərbaycan bayrağını qürurla ucaldıb ki, bu da xain düşmənə göz dağıdır.
Mübariz Feyizli