Zəfərə aparan yolda…

Zəfərə aparan yolda…

Azərbaycanın siyasi iradəsi qarşısında beynəlxalq təzyiqlərin iflası

 

Tarix xalqların taleyini müəyyən edən əsas göstəricilərdən biridir. O, keçmişi özündə əks etdirməklə yanaşı, həm də gələcək üçün strateji yol xəritəsini müəyyənləşdirir. Azərbaycan xalqının təxminən son 200 illik tarixinə nəzər saldıqda, bu yolun əsasən məşəqqətlərlə, işğallarla, haqsızlıqlarla müşayiət olunduğunu görürük. Torpaqlarımızın mərhələli şəkildə əlimizdən alınması, son 100 ildə milyonlarla azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması, beynəlxalq hüququn kobud şəkildə tapdalanması uzun illər xalqımızın üzləşdiyi əsas faciələr olub.

Lakin bu acı tarix 2020-ci ildən etibarən köklü şəkildə dəyişdi. Son 6 il Azərbaycan tarixində zəfər dövrü kimi yadda qaldı. Azərbaycan dövləti öz gücünə, öz xalqına və öz liderinə arxalanaraq 30 illik işğala son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi yalnız hərbi əməliyyatlar toplusu deyildi - bu, milli iradənin, dövlət qətiyyətinin və tarixi ədalətin bərpası idi.

Azərbaycan bu qələbəsi ilə bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq kağız üzərində deyil, real güc və siyasi iradə ilə təmin olunduqda işlək mexanizmə çevrilir. Bir xalqın 30 il ərzində səbrlə apardığı mübarizə, düzgün zamanlama və dəqiq strategiya nəticədə mütləq qələbə ilə başa çatdı.

Amma bu müharibə yalnız döyüş meydanında aparılan mübarizə ilə məhdudlaşmırdı. Azərbaycan eyni zamanda beynəlxalq siyasi münasibətlərin mürəkkəb sınağından keçir, öz suveren qərarlarına təsir göstərmək istəyən müxtəlif güc mərkəzlərinin təzyiqləri ilə üzləşirdi.

Həmin dövrdə ölkəmizin qarşısında təkcə Ermənistanın hərbi müqaviməti deyil, həm də münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş bəzi dövlətlərin siyasi yanaşmaları dayanırdı. Otuz ilə yaxın müddətdə işğalın aradan qaldırılmasına nail ola bilməyən beynəlxalq vasitəçilik mexanizmləri Azərbaycanın öz gücü hesabına tarixi ədaləti bərpa etməyə başladığı mərhələdə daha fəal şəkildə atəşkəs çağırışları ilə çıxış edirdi. Bununla yanaşı, hərbi əməliyyatların dayandırılması, Azərbaycanın hərbi üstünlüyünün siyasi nəticələrə çevrilməsinin qarşısının alınması istiqamətində müxtəlif diplomatik təşəbbüslər irəli sürülürdü. Amma hər kəs bilirdi ki, bu çağırışların altında bu ədalətsiz status-kvonun qorunması, işğalın advam etməsi və Azərbaycanın başlatdığı haqq yolunda dayanmısı dururdu…

 

Sanksiya təşəbbüsləri, siyasi hədələr, diplomatik müdaxilələr…

 

Həmin günlərdə ölkəmizə qarşı misilsiz bir təzyiq kampaniyası başladılmışdı. Prezident İlham Əliyevin sonrakı dövrlərdə verdiyi açıqlamaları, açıqladığı faktlar həmin dövrdə ölkəmizin hansı miqyasda təzyiqlərlə üzləşdiyini daha aydın göstərdi. Dövlət başçısı 44 gün ərzində nüvə dövlətləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin belə Azərbaycanı dayandırmağa çalışdığını açıqladı. Sanksiya təşəbbüsləri, siyasi hədələr, diplomatik müdaxilələr və Ermənistanın maraqlarını müdafiə edən bəyanatlar bu təzyiq siyasətinin müxtəlif təzahürləri idi.

Lakin Azərbaycan rəhbərliyi üçün əsas meyar hansısa xarici siyasi mərkəzin mövqeyi deyil, xalqın iradəsi, beynəlxalq hüquq və dövlətimizin milli maraqları idi. Prezidentin qətiyyətli mövqeyi, xalq-ordu-rəhbər birlik və diplomatik müstəvidə aparılan prinsipial siyasət nəticəsində heç bir təzyiq Azərbaycanın seçdiyi yola mane ola bilmədi. Beləliklə, Vətən müharibəsi həm də müstəqil dövlətin öz taleyini özü müəyyən etmək haqqının təntənəsinə çevrildi.

 

Siyasi təzyiqlər Azərbaycanın iradəsini dəyişə bilmədi

 

44 günlük Vətən müharibəsinin siyasi tarixində ən diqqətçəkən məqamlardan biri Azərbaycanın dünyanın ən güclü dövlətlərinin təzyiqləri ilə üzləşməsi idi. Bu, sonradan Prezident İlham Əliyevin 2026-cı il mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə səsləndirdiyi fikirlərdə də xüsusi şəkildə öz əksini tapdı. Dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana edilən təzyiqlərin heç biri nəticə verməyib və ölkəmizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox olub.

Prezident həmin dövlətlərin kimliyinə də aydınlıq gətirərək diqqəti ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə yönəltdi. ABŞ, Rusiya və Fransa kimi nüvə dövlətlərinin, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Azərbaycanın hərbi əməliyyatlarını dayandırmasına nail olmağa çalışdığını vurğuladı. Dövlət başçısının sözlərinə görə, 44 gün ərzində dəfələrlə təzyiqlər göstərilmişdi. Bu dövlətlər hərəsi öz səbəbinə görə Azərbaycanın qarşısını almaq istəyirdi. Prezidentin açıqlamasında xüsusilə diqqət çəkən məqam isə həmin güc mərkəzlərinin işğalı əbədi saxlamaq, bundan Azərbaycana qarşı siyasi təsir vasitəsi kimi istifadə etmək niyyəti ilə bağlı qiymətləndirməsi idi.

Əslində, bu mənzərə müharibənin geosiyasi miqyasını anlamaq baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan qarşısında yalnız Ermənistanın hərbi müqaviməti dayanmırdı. Eyni zamanda, beynəlxalq siyasi sistemdə böyük nüfuza malik dövlətlərin mövqeyi ilə hesablaşmaq zərurəti yaradılmağa çalışılırdı. Belə bir şəraitdə hər hansı güzəştə getmək, hərbi əməliyyatları yarımçıq dayandırmaq və ya milli maraqları xarici siyasi gözləntilərə uyğunlaşdırmaq ölkənin gələcək taleyi baxımından ciddi risklər yarada bilərdi.

Lakin Azərbaycan rəhbərliyi öz mövqeyində dəyişiklik etmədi. Prezidentin Zəngilanda vurğuladığı kimi, bu təzyiqlərə qarşı güclü iradə nümayiş etdirmək, yolundan dönməyəcəyini bildirmək böyük siyasi qətiyyət tələb edirdi. Xalqın bir yumruq kimi birləşməsi isə həmin qətiyyətin ən mühüm dayağına çevrildi. Beləliklə, nüvə dövlətlərinin siyasi çəkisi Azərbaycanın milli iradəsindən üstün tutulmadı və müharibənin taleyi kənar güc mərkəzlərinin istəklərinə uyğun müəyyənləşdirilmədi.

 

Müharibə gedə-gedə Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyirdilər

 

44 günlük müharibə dövründə Azərbaycana qarşı hazırlanmış təzyiq mexanizmləri arasında ən ciddi siyasi addımlardan biri ölkəmizə sanksiya tətbiq edilməsi təşəbbüsü idi. Bu faktı Prezident İlham Əliyev 2021-ci il aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında hərbçilərlə görüşü zamanı açıqladı. Dövlət başçısı bildirdi ki, müharibə davam etdiyi vaxt Minsk qrupunun həmsədrlik edən ölkələri BMT-də Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq istəyirdilər. Prezidentin sözləri ilə desək, onlar belə bir təşəbbüslə çıxış etmişdilər və bu planın qarşısını Azərbaycanın dost ölkələri, Qoşulmama Hərəkatına üzv dövlətlər aldılar.

Bu açıqlama müharibənin diplomatik cəbhəsində baş verənlərin miqyasını göstərən mühüm faktlardan biridir. Çünki söhbət sadəcə ayrı-ayrı dövlətlərin siyasi bəyanatlarından və ya atəşkəs çağırışlarından getmirdi. Artıq beynəlxalq təşkilatın qərarvermə mexanizmlərindən istifadə etməklə Azərbaycana qarşı iqtisadi və siyasi məhdudiyyətlər yaratmaq cəhdindən söhbət gedirdi. Halbuki Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyatlar aparır, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin icrasına nail olmağa çalışırdı.

Prezident bu təşəbbüsün ədalətsizliyini xüsusi vurğulayaraq bildirdi: "Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik". Dövlət başçısı eyni zamanda qeyd etdi ki, Azərbaycan hər hansı bir ölkədən və ya beynəlxalq maliyyə qurumundan asılı vəziyyətdə olsaydı, müharibə dövründə bu cür təzyiqlərə məruz qala bilərdi. Onun fikrincə, müstəqil iqtisadi imkanların yaradılması, maliyyə dayanıqlığının təmin edilməsi və ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi hərbi uğurun mühüm şərtlərindən idi.

Digər mühüm məqam isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə formalaşdırdığı siyasi tərəfdaşlıq əlaqələrinin nəticə verməsi idi. Prezidentin açıqlamasına görə, ölkəmizin pandemiya dövründə 30-dan çox dövlətə göstərdiyi humanitar və maliyyə yardımı, həmin ölkələrin maraqlarını beynəlxalq müstəvidə müdafiə etməsi qarşılıqlı dəstəyin formalaşmasına zəmin yaratmışdı. Beləliklə, Azərbaycana qarşı sanksiya təşəbbüsünün qarşısının alınması diplomatik hazırlığın və müstəqil xarici siyasətin əhəmiyyətini bir daha ortaya qoydu.

 

Atəşkəs çağırışları və Azərbaycanın dəyişməz mövqeyi

 

Müharibənin ilk günlərindən etibarən Azərbaycanın qarşılaşdığı əsas diplomatik təzyiq istiqamətlərindən biri də hərbi əməliyyatların dayandırılması çağırışları idi. Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin və xarici işlər nazirlərinin bəyanatları bu prosesdə mühüm yer tuturdu. 2020-ci ilin oktyabrın 1-də üç ölkənin prezidentləri birgə bəyanatla çıxış edərək döyüşlərin dərhal dayandırılmasına çağırdılar. Oktyabrın 5-də isə xarici işlər nazirləri eyni mövqeni təkrarladılar. Lakin Azərbaycanın mövqeyi aydın idi: atəşkəs işğalın davam etməsi üçün vasitəyə çevrilə bilməzdi.

Prezident İlham Əliyev oktyabrın 5-də Türkiyənin TRT Haber telekanalına müsahibəsində bu məsələyə münasibət bildirərkən qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması üçün konkret tarixlər təqdim olunarsa, atəşkəs üzərində işləmək mümkündür. Dövlət başçısı bununla Azərbaycanın müharibənin dayandırılmasına prinsip etibarilə qarşı olmadığını, lakin atəşkəsin real nəticəyə – işğalın aradan qaldırılmasına xidmət etməli olduğunu nümayiş etdirdi.

Oktyabrın 7-də Euronews televiziyasına müsahibəsində jurnalistin beynəlxalq ictimaiyyətin atəşkəs və gərginliyin azaldılması üçün güclü və davamlı təzyiq göstərdiyi barədə sualına Prezident daha geniş cavab verdi. O bildirdi ki, atəşkəs birtərəfli qaydada əldə edilə bilməz və Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarının çıxarılması ilə bağlı vaxt cədvəli təqdim etməlidir. Bu cədvəl vasitəçi ölkələr tərəfindən təsdiqlənməli idi. Prezident eyni zamanda xatırlatdı ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayıb, mövcud status-kvonu qoruyub saxlamağa çalışıb.

Burada mühüm siyasi ziddiyyət ortaya çıxırdı: otuz ilə yaxın müddətdə işğalın aradan qaldırılması üçün təsirli addımlar atmayan beynəlxalq vasitəçilik mexanizmləri Azərbaycan Ordusu real nəticələr əldə etməyə başladıqdan sonra atəşkəs məsələsində fəallıq göstərirdi. Bakı isə bu yanaşmanın müharibənin səbəblərini arxa plana keçirməsinə imkan vermədi. Azərbaycan üçün əsas məsələ döyüşlərin istənilən şərtlərlə dayandırılması deyil, işğala son qoyulması idi. Məhz bu prinsipial mövqe diplomatik təzyiqlərin qarşısında ölkəmizin siyasi xəttini müəyyənləşdirdi.

 

Fransanın qərəzli mövqeyi və Makronun siyasi müdaxilələri

 

44 günlük müharibə dövründə Azərbaycana qarşı nümayiş etdirilən siyasi təzyiqlərdən danışarkən Fransanın mövqeyini ayrıca qeyd etmək vacibdir. Çünki Paris təkcə Minsk qrupunun həmsədri kimi deyil, həm də münaqişənin gedişinə təsir göstərməyə çalışan siyasi aktor kimi çıxış edirdi. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun müharibə günlərində səsləndirdiyi bəyanatlar Azərbaycanın haqlı mövqeyinə qarşı açıq siyasi ittihamların formalaşmasına şərait yaradırdı.

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 5-də TRT Haber telekanalına müsahibəsində Fransanın bu yanaşmasına münasibət bildirmişdi. Jurnalistin Makronu üzr istəməyə dəvət etməsi ilə bağlı sualını cavablandıran dövlət başçısı Fransa Prezidentinin Azərbaycan haqqında həqiqətə uyğun olmayan ittihamlar səsləndirdiyini bildirmişdi. Söhbət Azərbaycanın Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirməsi barədə iddialardan gedirdi. Makronun digər açıqlamasında isə Azərbaycanın Qarabağı fəth etmək istədiyi və Fransanın buna imkan verməyəcəyi bildirilmişdi. Prezident İlham Əliyev bu fikirlərə kəskin etiraz edərək xatırlatmışdı ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Öz torpağında suveren hüquqlarını bərpa edən dövlətin əməllərini fəth kimi təqdim etmək siyasi məntiqə və beynəlxalq hüquqa ziddir.

Dövlət başçısı həmin müsahibədə Fransa ilə münasibətlərə də aydınlıq gətirmiş, rəsmi Parisin digər həmsədrlərdən fərqli mövqe nümayiş etdirməsinin səbəbinin öz siyasətində olduğunu bildirmişdi. O, Azərbaycanın münaqişə məsələsində həmsədr ölkələrə uzun müddət eyni yanaşdığını, lakin son hadisələr fonunda Fransanın özünü fərqli mövqeyə qoyduğunu vurğulamışdı.

Burada diqqətçəkən məqam Azərbaycanın diplomatik etirazının konkret və prinsipial xarakter daşıması idi. Bakı heç bir dövlətin beynəlxalq nüfuzundan çəkinərək öz suverenliyinə qarşı yönələn ittihamları qəbul etmirdi. Fransa kimi nüfuzlu Avropa dövlətinin rəhbərinin səsləndirdiyi fikirlərə də dövlət başçısı açıq cavab verir, Azərbaycanın hüquqlarını müdafiə edirdi. Bu, eyni zamanda, müharibənin diplomatik cəbhəsində ölkəmizin heç bir siyasi mərkəzdən asılı olmadığını göstərirdi. Azərbaycanın mövqeyi dəyişməz idi: Qarabağ Azərbaycan torpağıdır və onun azad edilməsi heç bir xarici dövlətin icazəsindən asılı ola bilməz.

 

İnformasiya müharibəsi: Azərbaycanın həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı

 

44 günlük Vətən müharibəsinin digər mühüm istiqaməti informasiya və beynəlxalq ictimai rəy uğrunda mübarizə idi. Azərbaycan hərbi əməliyyatlarla yanaşı, ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təbliğat kampaniyasının ifşa olunması və münaqişənin əsl mahiyyətinin beynəlxalq auditoriyaya təqdim edilməsi istiqamətində də fəal siyasət aparırdı. Çünki döyüş meydanında əldə edilən uğurların beynəlxalq informasiya məkanında təhrif olunması, Azərbaycanın öz ərazilərini azad etmək hüququnun şübhə altına alınması cəhdləri də siyasi təzyiqin tərkib hissəsi idi.

Prezident İlham Əliyev 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə xüsusi toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, müharibənin 44 günü ərzində 30-dan artıq müsahibə verib. Bunun əsas səbəbi Azərbaycanın mövqeyini, həqiqətləri və ölkəmizin haqlı mübarizəsini dünyaya çatdırmaq zərurəti idi. Prezident hər gün bəyanatlar verdiyini, Azərbaycan xalqına müraciətlər etdiyini və bu mesajların ümumi qələbədə mühüm rol oynadığını vurğulamışdı.

Dövlət başçısı həmin mətbuat konfransında Azərbaycana qarşı koordinasiyalı və təşkilatlanmış informasiya hücumlarının olduğunu da qeyd etmişdi. Bu hücumların məqsədi ölkəmizin gördüyü işləri gözdən salmaq, Azərbaycan haqqında yanlış təsəvvür yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini münaqişənin tarixi-siyasi mahiyyətindən yayındırmaq idi. Prezident bəzi media qurumlarının fəaliyyətində erməni lobbisinin təsirini də xüsusi vurğulamışdı. Bununla belə, dövlət başçısı beynəlxalq mediada Azərbaycanın haqlı mövqeyini anlayan və ədalətli yanaşma nümayiş etdirən jurnalistlərin də olduğunu qeyd etmişdi.

Bu faktlar göstərir ki, Azərbaycan müharibənin informasiya cəbhəsini də dövlət siyasətinin mühüm istiqaməti kimi qəbul edirdi. Prezidentin xarici media qurumlarına verdiyi müsahibələr, faktlara əsaslanan izahları, Ermənistanın işğal siyasətinin beynəlxalq hüquq baxımından ifşası ölkəmizin diplomatik mövqeyini gücləndirirdi. Beləliklə, Azərbaycan yalnız hərbi əməliyyatların nəticələrini deyil, həmin nəticələrin hüquqi və siyasi əsaslarını da beynəlxalq ictimaiyyətə çatdırmağa nail oldu. Bu, Zəfərin yalnız silah gücü ilə deyil, həm də informasiya, diplomatiya və siyasi kommunikasiya müstəvisində qazanıldığını təsdiqləyən mühüm göstərici idi.

 

Azərbaycanın milli iradəsi qarşısında heç bir təzyiq dayana bilməz

 

44 günlük Vətən müharibəsinin siyasi və diplomatik müstəvidə yaratdığı ən mühüm nəticələrdən biri Azərbaycanın müstəqil qərarvermə qabiliyyətinin və milli iradəsinin nümayiş etdirilməsi oldu. Dünyanın nüvə dövlətlərinin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, ayrı-ayrı beynəlxalq siyasi dairələrin təzyiqləri, sanksiya təşəbbüsləri, diplomatik müdaxilələri və informasiya hücumları ölkəmizin müəyyənləşdirdiyi strateji xətti dəyişdirə bilmədi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, xalqın həmrəyliyi və Ordumuzun qəhrəmanlığı bütün bu cəhdlərin nəticəsiz qalmasını təmin etdi.

Bu gün həmin hadisələr bir daha təsdiqləyir ki, Azərbaycan heç bir güc mərkəzinin siyasi iradəsinə tabe olan dövlət deyil. Ölkəmiz öz milli maraqlarını, suveren hüquqlarını və təhlükəsizlik prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir. Azərbaycanın iradəsinə qarşı təzyiq göstərməklə onu öz yolundan döndərmək mümkün deyil. Çünki bu iradənin arxasında yalnız dövlət rəhbərliyinin siyasi qətiyyəti deyil, bütöv bir xalqın birliyi, tarixi ədalətə inamı və milli maraqlara sədaqəti dayanır.

 

Pərviz SADAYOĞLU