SOCAR və “China Petroleum & Chemical Corporation” Anlaşma Memorandumu imzalayıb
Çin Xalq Respublikasının Şanxay şəhərində SOCAR ilə “China Petroleum & Chemical Corporation” arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Memoranduma əsasən, tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanması istiqamətlərində əməkdaşlıq edəcək. Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma imkanlarının araşdırılmasını və digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.
Beynəlxalq birjalarda investisiya liderliyi
Mövcud saziş Azərbaycanın milli neft korporasiyasının xarici ölkələrdə müasir təchizat və idarəetmə sistemləri qurmaqla qlobal investor kimi öz nüfuzunu artırdığını təsdiqləyir. Eyni zamanda, Dövlət Neft Şirkəti ilə Çinin aparıcı kimya, sənaye, mühəndislik şirkətləri arasında əməkdaşlığın fəal mərhələyə daxil olduğunu göstərir. Onlardan biri - “China Petroleum” Çinin ən böyük inteqrasiya olunmuş enerji və kimya şirkətlərindən biridir. Şirkət neft-qaz hasilatı, emalı, nəqli və satışı, neft-kimya məhsullarının istehsalı, eləcə də enerji və kimya sənayesi üzrə texnologiyaların tədqiqi və tətbiqi ilə məşğul olur. Şirkət ölkənin ən böyük neft emalı gücünə malik müəssisəsi olmaqla yanaşı, emal olunmuş neft məhsullarının təchizatı və satışı sahəsində də aparıcı mövqedədir. Həmçinin, etilen istehsalı gücünə görə Çində ilk sırada yer alır.
Şirkətin 100-dən çox törəmə və filial müəssisəsi mövcuddur. Onların fəaliyyəti neft-qaz kəşfiyyatı və hasilatı, neft emalı, kimya sənayesi, marketinq, elmi-tədqiqat və xarici ticarət sahələrini əhatə edir. Əsas istehsal aktivləri və bazarları Çinin şərq, cənub və mərkəzi bölgələrində yerləşir. “China Petroleum”un səhmləri Honkonq, Nyu-York və London fond birjalarında, Şanxay Fond Birjasında yerləşdirilib.
Mərkəzi Asiya-Körfəz regionu ölkələri ilə
Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti son dövrlərdə bir çox ölkənin nüfuzlu şirkətləri ilə sazişlər imzalayıb ki, həmin sənədlərin əsas məzmunu yeni kəşfiyyat və idarəetmə texnologiyalarının tətbiqini nəzərdə tutur. Belə ki, Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlığın qurulması, BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, birgə neft-qaz hasilatında yer alması, eləcə də “Crescent Petroleum” şirkəti ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq qlobal etimadın nümunəsidir. SOCAR-ın Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlığı da bölgənin enerji təchizatı və şaxələnməsi üçün əhəmiyyət daşımaqla, qlobal nüfuzun bir göstəricisidir.
SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur. Azərbaycan Dövlət Neft Şirkəti ilə İsrailin “Union Energy” şirkəti arasında Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlardan biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair sazişin imzalanması da mühüm qlobal dəyərin rəmzlərindən biridir. Bu sazişə əsasən, SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb. Azərbaycan bu perspektivli qaz blokunda investor və enerji tədarükçüsü statusu qazanmaqla Aralıq dənizi regionunda potensial enerji təchizatçına çevriləcək.
“Yaşıl enerji”də etibarlı tərəfdaş
Dövlət Neft Şirkəti “yaşıl enerji” sektorunda da etibarlı tərəfdaş kimi qlobal sektorda etimad ünvanlarından birinə çevrilir. Şirkətin törəmə müəssisəsi olan “SOCAR Green” bərpaolunan enerji mənbələri ilə bağlı layihələrdə öz tərəfdaşları ilə “yaşıl kapital”ın cəlb olunması və idarə edilməsində nümunəvi model qurub. Bu fəaliyyət də beynəlxalq reytinqin yüksəldilməsində mühüm amillərdən biridir. Məhz bu amili nəzərə alan “Moody’s” beynəlxalq reytinq agentliyi ötən il Azərbaycanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələrdən biri kimi dəyərləndirib və yeni reytinqdə bu faktoru da nəzərə alıb.
“Yaşıl enerji” strategiyasının reallaşmasında Avropa və Asiyanın nəhəng investorları ilə anlaşma sənədlərina imza atan SOCAR-ın nailiyyətləri də bu müsbət nəticənin bir hissəsidir. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb, qlobal investorlar - “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.
E.CƏFƏRLİ