İqtisadi-ticari əməkdaşlığı gücləndirmək üçün yeni gündəlik

İqtisadi-ticari əməkdaşlığı gücləndirmək üçün yeni gündəlik

İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 42-ci toplantısı keçirilib

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 42-ci toplantısı keçirilib.

Tədbirdə üzv ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsi, investisiya, kənd təsərrüfatı, nəqliyyat, turizm, maliyyə və özəl sektorun inkişafı, davamlı inkişafın dəstəklənməsi ilə bağlı faydalı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat qlobal ticarətin mövcud vəziyyəti, iqtisadi natarazlıqlar və bunun fonunda əməkdaşlıqlarda yaranan qeyri-müəyyənliklər barədə danışıb. Vurğulanıb ki, İƏT üzvü olan 57 ölkə 2 milyarddan çox əhalisi (dünya əhalisinin dörddə biri), 10 trilyon ABŞ dolları həcmində iqtisadi buraxılışı və 5 trilyon dollara yaxın ticarət dövriyyəsi ilə qlobal iqtisadiyyatda nəhəng potensiala malikdir. Son 20 ildə təşkilata üzv ölkələr arasında daxili ticarət payı 6 faizdən 20 faizə yüksəlib. Türkiyənin İƏT ölkələri ilə ticarət dövriyyəsi isə 2013-cü ildəki 87,5 milyard dollardan ötən il təxminən 120 milyard dollara çatıb.

Çıxış edən digər natiqlər davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması yönündə İƏT-in ortaq platforma kimi fəaliyyətini yüksək dəyərləndiriblər.

Azərbaycan İƏT platformasında mühüm rol oynayır

Tədbir çərçivəsində üzv dövlətlərin biznes icmalarını, investorlarını və siyasətçilərini bir araya gətirən “B57+ Biznes Liderləri Sammiti 2026” təşkil edilib. “Böyük dönüşüm: Qlobal Cənubun dözümlülüyü üçün İƏT kapitalının hərəkətə keçirilməsi” mövzusunda keçirilən sammitdə İƏT və daha geniş coğrafiyada iqtisadi əməkdaşlığın gələcəyini formalaşdıran liderlər, siyasətçilər, investorlar və digər təmsilçilərin ortaq maraqlarını ifadə edən mühüm təşəbbüslər və ideyalara nəzər salınıb. Bildirilib ki, tərəfdaşlar arasında möhkəmlənən münasibətlər və iqtisadi dialoqlar faydalı əməkdaşlığı gücləndirir, institisional qərarlar meydana çıxan maneələri körpülərə çevirir, ortaq dəyərləri davamlı iqtisadi tərəqqiyə yönləndirir. Nəticədə, İƏT coğrafiyasında mövcud olan böyük potensiallar real investisiyalara, keyfiyyətli məşğulluğa və yüksək rifaha inteqrasiya edilir.

Sammitdə Azərbaycanın İƏT platformasında strateji rolu, iqtisadi potensialı və regional inteqrasiyada və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsində fəal mövqeyinə diqqət çəkilib. Ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işlər yüksək dəyərləndirilib və İƏT məkanında iqtisadi-ticari mübadilələrin artmasına mühüm fayda verdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrini daim inkişaf etdirir. 2025-ci ildə İƏT ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dolları ötüb, cari ilin birinci yarısında bu rəqəm 5 milyard dollara yaxınlaşıb.

Nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması

Ümumilikdə, COMCEC-in 42-ci toplantısı çərçivəsində təşkil edilən digər tədbirlərdə İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir. Forum “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatında görüşlərlə davam edib.

Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCD) və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən yaradılan “B57+” platforması, İƏT-ə üzv 57 ölkə və tərəfdaş iqtisadiyyatlar arasında dövlət və özəl sektorları bir araya gətirən strateji körpü rolu oynayır.

E.CƏFƏRLİ