Misli Premyer Liqasında XV tura yekun vurulur

Misli Premyer Liqasında XV tura yekun vurulur

Bu gün futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq. Hazırda İmişlinin eyniadlı təmsilçisi turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. Yevlax klubu isə 5 xalla sonuncu – 12-ci sırada yer alıb.

Turun bağlanış oyununda “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. Bu, Bakı klubunun yeni baş məşqçisi Yuri Vernidubun komandanın sükanı arxasında debüt matçı olacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək. “Neftçi” 14 turdan sonra 16 xalla 8-ci yeri tutur. “Sumqayıt”ın isə 26 xalı var və 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.