Şuşa bizim and yerimizdir!!!

Azərbaycan-Türkiyə qardaşlığı: Zəfərlə möhkəmlənən, gələcəyə uzanan əbədi birlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünya dövlətləri arasında mövcud olan ən möhkəm dostluq və qardaşlıq nümunələrindən biridir. Bu münasibətlərin sarsılmaz təməlləri ortaq tarixə, milli-mənəvi dəyərlərə, dilə, dinə və əsrlər boyu formalaşmış qarşılıqlı etimada söykənir. İki ölkəni birləşdirən bağlar təkcə siyasi maraqlarla məhdudlaşmır, eyni zamanda xalqlarımızın ortaq taleyindən, sevinc və kədərlərinin bir olmasından qaynaqlanır. Məhz bu səbəbdəndir ki, Azərbaycan-Türkiyə münasibətləri zamanın sınaqlarından uğurla çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Ermənistanın 30 ildən artıq davam edən işğal siyasəti dövründə Türkiyənin Azərbaycana münasibətdə nümayiş etdirdiyi prinsipial dəstək bu qardaşlığın ən parlaq təzahürlərindən biri oldu. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı isə qardaş ölkənin siyasi və mənəvi dəstəyi Azərbaycanın haqq mübarizəsinə əlavə güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin dövlət rəhbərliyi və xalqı bütün dünyaya Azərbaycanın tək olmadığını nümayiş etdirdi.

Azərbaycan Ordusunun tarixi Zəfəri ilə torpaqlarımızın işğaldan azad olunması iki qardaş ölkənin münasibətlərində də yeni mərhələnin başlanğıcını qoydu. Bu, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də ortaq iradənin, siyasi həmrəyliyin və sarsılmaz qardaşlığın təntənəsi idi. Bu gün Azərbaycan və Türkiyə eyni strateji baxışdan çıxış edir, regional və beynəlxalq məsələlərdə bir-birinin yanında dayanır. Çünki bizim birliyimiz konyunktur maraqlara deyil, tarixi yaddaşa və milli iradəyə əsaslanır. Bu dostluq və qardaşlıq dünən olduğu kimi, bu gün də güclüdür və gələcək nəsillərə ötürüləcək əbədi dəyərdir.

Şuşa Zəfəri - Azərbaycanın milli qürurunun və tarixi ədalətin təntənəsi

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin ən möhtəşəm səhifələrindən biri Şuşanın işğaldan azad edilməsi oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu elan etməklə xalqımıza böyük sevinc və qürur yaşatdı. Bu xəbər təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində qürur hissi yaratdı. Çünki Şuşa bizim üçün sadəcə bir şəhər deyil, Azərbaycanın milli-mədəni yaddaşının, dövlətçilik tarixinin və mənəvi bütövlüyünün rəmzi, and yerimizdir.

Şuşanın 28 il ərzində işğal altında saxlanılması onun milli simasını və ruhunu dəyişə bilmədi. Erməni vandalizmi şəhərin tarixi abidələrinə, mədəni irsinə, dini və memarlıq nümunələrinə ciddi ziyan vursa da, Şuşanın Azərbaycan kimliyini silə bilmədi. Bu şəhər bütün işğal dövründə xalqımızın qəlbində azadlıq arzusu, milli iradə və qayıdış ümidi kimi yaşadı. Şuşanın azadlığı Qarabağın azadlığının, Azərbaycanın tarixi ədaləti bərpa etmək əzminin simvoluna çevrildi. 44 günlük müharibədə Azərbaycan Ordusu 300-dən artıq yaşayış məntəqəsini döyüş meydanında azad etdi. Bu Qələbə minlərlə şəhidimizin qanı, qazilərimizin qəhrəmanlığı bahasına əldə olundu. Şuşanın azadlığı isə həmin mübarizənin zirvəsi, Zəfərimizin mənəvi və siyasi baxımdan bütövləşməsi idi.

Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş tutan görüşündən sonra Azərbaycan dövlət başçısı mətbuata bəyanatında bildirib ki, düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı: “Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında Qarabağ Zəfərinin altıncı ildönümündə bizimlə birlikdə olmaqdan məmnundur: “Bu əlamətdar ildönümünü şairin “Dilimizdə işlənən ən əziz bir söz kimi, Canımızı isidən ocaq kimi, köz kimi, Ən qoxulu güllərlə çiçək açan Şuşamız”, - deyə tərif etdiyi tarix, təbiət və mədəniyyət şəhəri gözəl Şuşada olmaqdan xüsusi məmnunluq duyuram. Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir”.

Türkiyənin 44 günlük müharibə zamanı nümayiş etdirdiyi qardaşlıq mövqeyi

44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq mübarizəsini dəstəklədiyini, ölkəmizin ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn tələbi olduğunu ən yüksək səviyyədə ifadə etdi. Türkiyənin bu mövqeyi Azərbaycanın haqlı mübarizəsinə mühüm siyasi və mənəvi dəstək olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də aydın mesaj verdi.

Həmin ağır günlərdə Türkiyə xalqının Azərbaycanla həmrəyliyi xüsusi diqqət çəkirdi. Qardaş ölkənin müxtəlif şəhərlərində Azərbaycan bayraqlarının dalğalanması, insanların qələbə sevincimizi öz sevincləri kimi bölüşməsi münasibətlərimizin dərinliyini göstərirdi. Türkiyə rəhbərliyinin nümayiş etdirdiyi qətiyyətli mövqe isə Azərbaycanın siyasi iradəsinə əlavə güc verirdi. Bu, sadəcə diplomatik dəstək deyildi. Bu, ortaq tarixə, milli kimliyə və mənəvi bağlılığa əsaslanan qardaşlıq nümayişi idi. 44 günlük müharibə göstərdi ki, Azərbaycan və Türkiyə çətin sınaqlarla üzləşdikdə bir-birinə daha sıx sarılır. Bu birlik xalqlarımızın ortaq gələcəyinin ən etibarlı təminatlarından biridir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idilər: “Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”.

Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır: “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir”.

Azərbaycanın sülh gündəliyi və regionda yeni münasibətlər sisteminin formalaşması

Azərbaycan hər zaman beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərini əsas götürərək sülhpərvər siyasət yürüdüb. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı uzun illər ərzində belə rəsmi Bakı problemin danışıqlar yolu ilə həllinə üstünlük verib. Azərbaycan beynəlxalq vasitəçilik mexanizmlərinə, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümidlə yanaşıb. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğal siyasətini davam etdirməsi və danışıqları nəticəsiz qoyması sülh prosesinə ciddi maneələr yaradıb. 2020-ci ildə əldə olunan tarixi Qələbə regionda yeni reallıqlar formalaşdırdı. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməklə münaqişənin mövcud status-kvosunu dəyişdirdi. Bununla belə, ölkəmiz müharibədən sonra da sülh gündəliyini irəli sürdü, Ermənistanla münasibətlərin normallaşdırılması və dövlətlərarası münasibətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi istiqamətində konkret təşəbbüslərlə çıxış etdi. Bu yanaşma Azərbaycanın qalib dövlət kimi məsuliyyətli və uzaqgörən siyasət yürütdüyünü göstərir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması mühüm siyasi mərhələdir. Bu, uzun illər davam edən qarşıdurmadan sonra münasibətlərin normallaşdırılması üçün real imkanların yarandığını təsdiqləyir. Lakin paraflanma hələ sazişin imzalanması və qüvvəyə minməsi demək deyil. Davamlı sülh üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Konstitusiyasında müvafiq dəyişiklikləri etməlidir. Prezident İlham Əliyev qeyd edib ki, işğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi - bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi: “Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir”.

Şuşa Bəyannaməsi: birliyin, birgəliyin simvolu...

Bu qardaşlıq, bu dostluq və birgəlik özünün rəsmi təsdiqini tapdı - Azərbaycanla Türkiyə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alındı. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulandı. Qardaşlığın və birliyin rəsmi təsdiqi olan bu sənəd də mədəniyyət paytaxtımız, qələbəmizin simvolu, Zəfərimizin nüvəsi sayılan Şuşada imzalanmaqla xüsusi anlam qazandı. Prezident İlham Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi: “Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır”.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır.

Bəli, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanı rəsmən müttəfiq etdi - Şuşada imzalanan bu tarixi əhd Türk dünyasının, Türk ailəsinin uğurlu gələcəyinin təməlidir. Şuşa Bəy?nnaməsi böyük Türk birliyinin təcəssümüdür. Eyni zamanda, Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini özündə tam şəkildə göstərməkdədir. Məhz bu baxımdan Şuşa Bəyannaməsini regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı belə saymaq mümkündür. Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında vurğulayıb ki, biz bu missiyanı, eyni zamanda, Türk dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir: “Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik”.

Kənar təsirlərin dəyişə bilmədiyi strateji müttəfiqlik

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsas xüsusiyyətlərindən biri bu birliyin istənilən siyasi konyunkturadan və kənar təsirlərdən üstün olmasıdır. İki ölkə arasındakı əlaqələr ayrı-ayrı siyasi hadisələrə, müvəqqəti maraqlara və beynəlxalq təzyiqlərə bağlı deyil. Bu münasibətlərin təməlində ortaq milli maraqlar, qarşılıqlı etimad və xalqlarımızın tarixi qardaşlığı dayanır. Məhz buna görə də heç bir kənar qüvvə Azərbaycan-Türkiyə birliyinə kölgə sala, iki dövlətin strateji maraqlarını bir-birindən ayıra bilməz. 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətləri bu birliyin möhkəmlənməsində mühüm rol oynayır. Liderlərin siyasi iradəsi, ardıcıl dialoqu və qarşılıqlı dəstəyi iki dövlət arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafına geniş imkanlar yaradır. Bu münasibətlər təkcə dövlət başçılarının şəxsi dostluğu ilə məhdudlaşmır, həm də xalqlarımızın ortaq iradəsinin siyasi ifadəsidir. Prezident İlham Əliyev bildirib ki, bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar: “Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın. Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur”.

Ortaq strateji hədəflər...

Azərbaycan-Türkiyə əməkdaşlığı bu gün regional və beynəlxalq miqyasda mühüm geosiyasi əhəmiyyət daşıyan istiqamətləri əhatə edir. İki ölkə arasında münasibətlər siyasi və diplomatik müstəvidə olduğu kimi, iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik və müdafiə sənayesi sahələrində də ardıcıl şəkildə inkişaf edir. Xüsusilə Türkiyənin müdafiə sənayesində qazandığı uğurlar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Birgə hərbi təlimlər, müdafiə sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq ordularımızın imkanlarının genişlənməsinə xidmət edir.

Azərbaycan 44 günlük Vətən müharibəsində müasir hərbi texnologiyalardan səmərəli istifadə etməklə yeni dövrün müharibə modelini nümayiş etdirdi. Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər isə bu sahədə əməkdaşlığın perspektivlərini daha da artırır. Məqsəd yalnız mövcud hərbi imkanları gücləndirmək deyil, eyni zamanda gələcək təhlükəsizlik çağırışlarına birlikdə hazır olmaqdır. Bu baxımdan iki ölkənin müdafiə sənayesi üzrə əməkdaşlığı strateji müttəfiqliyin mühüm istiqamətlərindən biridir.

Gələcək əməkdaşlığımızın ən mühüm layihələrindən biri də Zəngəzur dəhlizidir. Bu nəqliyyat bağlantısının reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin təmin olunmasına, Türkiyə ilə nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinə və Orta Dəhlizin əhəmiyyətinin artmasına xidmət edəcək. Beləliklə, Azərbaycan və Türkiyə yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə Avrasiya məkanında yeni iqtisadi və logistika imkanlarını inkişaf etdirəcəklər.

Azərbaycanın Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıq regionda münasibətlərin mahiyyətini də dəyişdirir. Rəsmi Bakı qarşıdurma deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni münasibətlər sisteminin formalaşmasını istəyir. Türkiyə bu prosesdə Azərbaycanın ən mühüm strateji müttəfiqidir. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Türkiyədə sevinclə qarşılanması da ortaq gələcəyə baxışımızın ifadəsidir.

Bu gün iki qardaş ölkə təkcə əldə olunan uğurları bölüşmür, həm də gələcək nəsillər üçün daha güclü, təhlükəsiz və inkişaf etmiş regionun formalaşmasına çalışır. İqtisadi, hərbi və nəqliyyat sahələrində ortaq layihələr bu məqsədin reallaşmasına xidmət edir. Azərbaycan-Türkiyə birliyi isə bütün bu təşəbbüslərin əsas hərəkətverici qüvvəsi olaraq qalır. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, bu gün Türkiyə dövləti hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür: “Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir”.

Dövlət başçımız vurğulayıb ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik: “Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”“.

Prezident Rəcəb Tayyib Ərdoğan isə söyləyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrə qapı açıb. Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır: “Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik”.

Pərviz SADAYOĞLU