Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.
Komplekslə tanışlıq zamanı bildirilib ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.
Ekspozisiyada təqdim olunan “Faciənin siması” instalyasiyası soyqırımı zamanı qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri əks etdirir.
Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorçuların Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada Xocalının tarixi, münaqişənin xronologiyası, soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.
Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim edilir.
İkinci ekspozisiya zalında faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular süni intellektlə hazırlanan video vasitəsilə nümayiş olunur.
Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər əks etdirilir.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.
Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyaları ilə tamamlanır.
X X X
Prezident Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazdı.