Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı (Aİ) ilə dialoqun olmamasının qurumun ölkədə baş verən prosesləri obyektiv qiymətləndirməsini çətinləşdirəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, nazir bu barədə Avropa Komissiyasının Gürcüstanla bağlı hazırladığı hesabatı şərh edərkən danışıb.

Onun sözlərinə görə, Gürcüstan tərəfi hesabatın hazırlanması üçün Aİ-yə bütün zəruri məlumatları təqdim edib. Bununla belə, həmin məlumatların sənəddə və yekun qiymətləndirmələrdə necə əks olunacağı hələ məlum deyil.

Nazir qeyd edib ki, hesabat assosiasiya gündəliyinə əsaslanır və bu çərçivədə aparılan dialoq Gürcüstanda, eləcə də Tbilisi ilə Brüssel arasındakı münasibətlərdə baş verən proseslərin düzgün qiymətləndirilməsi üçün mühüm vasitədir.

“Dialoqun həm texniki, həm də siyasi səviyyədə olmaması Avropa Komissiyasının Gürcüstandakı vəziyyəti hərtərəfli təhlil etməsini çətinləşdirir”, - deyə Maka Boçorişvili vurğulayıb.

Nazir hesabatın dərc olunmasını gözləməyi, daha sonra isə Brüsselin Gürcüstanla bağlı mövqeyini real məlumatlar və dialoq əsasında qiymətləndirməyi təklif edib.