Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi dünya enerji bazarında ciddi qeyri-müəyyənlik yaradıb. Neft qiymətlərində kəskin dalğalanmalar, Hörmüz boğazı ətrafında yaranan təhlükələr və qlobal enerji təchizatının pozulması ehtimalı neft ixracatçısı olan ölkələrin iqtisadi perspektivlərini yenidən gündəmə gətirib. Azərbaycan isə bu prosesdə həm neft istehsalçısı, həm də mühüm enerji tranziti ölkəsi kimi xüsusi mövqeyə malikdir.
ABŞ-İran münasibətlərindəki hərbi eskalasiya artıq sadəcə mümkün müharibə ssenarisi deyil. Cari ildə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda regionda enerji infrastrukturu və neft daşımaları ilə bağlı risklər artıb.
Neft bazarına təsir edən əsas amillərdən biri Hörmüz boğazıdır. Bu boğaz dünya enerji təhlükəsizliyinin ən strateji nöqtələrindən hesab olunur. Münaqişədən əvvəl dünya üzrə gündəlik neft və neft məhsulları daşımalarının təxminən beşdəbiri bu marşrutdan keçirdi. Boğazda gəmiçilik fəaliyyətinin məhdudlaşması isə qlobal bazarda təchizat çatışmazlığı təhlükəsini gücləndirir. Oktyabr ayının son günlərində neft qiymətlərində müşahidə olunan artım bu risklərin bazara real təsirini göstərir.
Oktyabr ayı ərzində “Brent” markalı neft 13,6 faiz, “Light” isə 15,2 faiz bahalaşıb. Qiymət artımının əsas səbəbləri sırasında Hörmüz boğazında tankerlərə hücumlar və ABŞ-İran qarşıdurmasının genişlənməsi ehtimalı göstərilib.
Bununla belə, qiymət artımının davamlı və birtərəfli olmadığını da nəzərə almaq lazımdır. Noyabrın 2-də ABŞ və İran arasında diplomatik danışıqların davam etməsi ilə bağlı xəbərlər bazarda müəyyən nikbinlik yaradıb. Həmin gün “Brent” markalı neftin qiyməti 7,63 faiz, “Light”ın qiyməti isə 7,36 faiz azalıb.
Noyabrın 3-də İranın Qeşm adası yaxınlığında ABŞ-nin hərbi zərbələr endirməsi barədə xəbərlər yenidən gərginlik yaradaraq “Brent” markalı neftin qiymətini 106 dollara, “Light” markalı neftin qiymətini isə 96 dollara yüksəldib. Bu dinamika göstərir ki, hazırda neft bazarında qiymətlər yalnız hasilat və istehlak göstəriciləri ilə deyil, həm də siyasi və hərbi xəbərlərlə müəyyənləşir. Başqa sözlə, bazarda geosiyasi risk amili ön plana çıxıb.
Mövcud vəziyyət Azərbaycanın enerji strategiyası baxımından müəyyən imkanlar yaradır
Yaranmış vəziyyət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz dünya bazarına neft ixrac edən dövlətlər sırasındadır və beynəlxalq bazarda qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərinə birbaşa təsir göstərə bilər.
Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında ölkədə kondensat da daxil olmaqla, 19,9 milyon ton neft hasil edilib. Bunun 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu “Şahdəniz” yatağından hasil edilən kondensatın, 0,4 milyon tonu “Abşeron” yatağının, 5,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Həmin dövrdə Azərbaycanın neft və kondensat ixracı 15,5 milyon ton təşkil edib. Bunun 14,2 milyon tonu konsorsiumların, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.
Bu rəqəmlər Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini qiymətləndirmək üçün mühüm göstəricilərdir. Azərbaycan dünya neft bazarında qiymətləri müəyyənləşdirən əsas ölkələrdən biri olmasa da, qiymət artımından faydalana bilən ixracatçı dövlətlərdəndir.
Azərbaycanın üstünlüyü yalnız neft hasilatı ilə məhdudlaşmır. Ölkə Xəzər hövzəsində hasil edilən karbohidrogenlərin dünya bazarına çıxarılması baxımından da mühüm tranzit və logistika mərkəzidir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri xüsusi əhəmiyyət daşıyır. Bu ilin yanvar-iyul aylarında BTC vasitəsilə 14,77 milyon ton neft nəql edilib. Bunun 12,15 milyon tonu Azərbaycan mənşəli neftin, 2,62 milyon tonu isə Türkmənistan və Qazaxıstandan daxil olan neftin payına düşüb.
Beləliklə, BTC-nin Azərbaycan üçün əhəmiyyəti ikitərəflidir. Ölkəmiz həm öz neftini dünya bazarına çıxarır, həm də regionun digər istehsalçılarının enerji ixracında tranzit rolunu oynayır.
Bu infrastruktur Azərbaycanın enerji təhlükəsizliyi və Avropanın enerji təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyətini artırır. Bununla belə, BTC Hörmüz boğazından keçmir və Azərbaycan neftinin ixrac marşrutları Yaxın Şərqdəki hərbi risklərdən nisbətən kənarda yerləşir.
Dünya bazarında neftin qiymətinin artması Azərbaycanın dövlət gəlirləri üçün potensial müsbət amildir. Neft ixracından əldə edilən gəlirlər ölkənin tədiyə balansına, valyuta daxilolmalarına və Dövlət Neft Fondunun maliyyə imkanlarına müsbət təsir göstərir. Lakin dünya bazarında enerji daşıyıcılarının bahalaşması idxal olunan məhsulların, nəqliyyatın və istehsalın xərclərinin də artmasına səbəb olur. Bu isə neft gəlirlərindən əldə edilən iqtisadi üstünlüyün bir hissəsini kompensasiya edə bilər.
Mövcud vəziyyət Azərbaycanın enerji strategiyası baxımından müəyyən imkanlar yaradır. İlk növbədə, neftin yüksək qiymətə satılması ixrac gəlirlərini artırır, Xəzər hövzəsinin enerji resurslarına beynəlxalq marağı yüksəldir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir, BTC və digər neft ixracı infrastrukturlarının strateji əhəmiyyətini artırır.
ABŞ-İran qarşıdurması və Hörmüz boğazında yaranan təhlükələr dünya neft bazarında geosiyasi amillərin rolunu bir daha nümayiş etdirir. Oktyabrda “Brent” markalı neftin 117,64 dollara qədər bahalaşması, noyabrın əvvəlində isə diplomatik danışıqlar və yeni hərbi xəbərlər fonunda 106 dollar ətrafında dəyişməsi bazarın geosiyasi hadisələrə nə dərəcədə həssas olduğunu göstərir.