Barrikadaların yaddaşı:Fransa 1968-in mayından nə öyrəndi?

 

Bir vaxt tələbələrin qaldırdığı etirazlar milyonlarla insanı küçələrə çıxardı, Şarl de Qoll hakimiyyətini sarsıtdı. Bu gün Fransa yenidən etiraz dalğasıyla üz-üzədir. Tarix təkrarlanır, yoxsa yeni siyasi böhranın astanasındadır?

Parisin küçələrində yenidən etiraz səsləri eşidilir. Tələbələr universitetlərin və məktəblərin qarşısında toplaşır, həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını tələb edir, ictimai xidmətlərin zəifləməsinə qarşı narazılıqlar genişlənir. Küçələrdə qaldırılan plakatlar, barrikadalar, polis müdaxilələri və hökumətə ünvanlanan sərt çağırışlar istər-istəməz bir tarixi - 1968-ci ilin mayını xatırladır.

Həmin il Fransada baş verən hadisələr yalnız tələbə etirazı və ya əmək münaqişəsi deyildi. Bu, bütöv bir cəmiyyətin mövcud siyasi, iqtisadi və mədəni qaydalara qarşı üsyanı idi. Bir neçə həftə ərzində universitetlər, zavodlar, dövlət müəssisələri və nəqliyyat sistemi etirazların təsiri altına düşdü, milyonlarla insan işini dayandırdı. Prezident Şarl de Qollun hakimiyyəti ciddi təhlükəylə üzləşdi. Lakin hadisələrin ən maraqlı tərəfi başqa idi: etirazçılar hakimiyyəti dəyişdirə bilmədilərsə də, Fransanın gələcək inkişaf istiqamətinə təsir göstərdilər. Bu gün isə yeni nəsil eyni sualları yenidən gündəmə gətirir: dövlət gənclərin səsini eşidirmi? İqtisadi inkişaf sosial ədaləti təmin edirmi? Siyasi institutlar cəmiyyətin dəyişən tələblərinə uyğunlaşa bilirmi?

De Qollun Fransası: iqtisadi yüksəlişin arxasında gizlənən narazılıq

1968-ci ilin hadisələrini anlamaq üçün ilk növbədə həmin dövrün Fransasına nəzər salmaq lazımdır. İkinci Dünya müharibəsindən sonra Fransa ağır dağıntılardan çıxaraq sürətli iqtisadi inkişaf mərhələsinə daxil olmuşdu. 1945-1975-ci illər Fransanın tarixində çox vaxt Trente Glorieuses - “Otuz şanlı il” adlandırılır. Sənaye inkişaf edir, şəhərlər böyüyür, istehlak imkanları genişlənir, universitetlərdə təhsil alanların sayı sürətlə artırdı. İlk baxışdan ölkə sabit və inkişaf edən dövlət təsiri bağışlayırdı. Lakin iqtisadi tərəqqi cəmiyyətin bütün təbəqələrinin eyni dərəcədə razı olması demək deyildi. Universitetlərdə tələbələrin sayı artdığı halda təhsil sistemi köhnə idarəçilik prinsipləriylə fəaliyyət göstərirdi. Professorların nüfuzu və inzibati nəzarət güclüydü, tələbələrin qərarların qəbulunda iştirakı isə məhdud qalırdı. Gənclər yalnız daha yaxşı təhsil yox, daha azad, bərabər və açıq cəmiyyət tələb edirdilər. Bu proseslərə ölkənin siyasi vəziyyəti də təsir göstərirdi. Şarl de Qoll 1958-ci ildə Əlcəzair böhranı fonunda hakimiyyətə qayıtmış, Beşinci Respublikanın əsaslarını formalaşdırmış və 1959-cu ildən prezident vəzifəsini tutmuşdu. Onun idarəçilik modeli güclü prezident institutuna, dövlətin mərkəzləşdirilmiş idarə olunmasına və milli müstəqillik ideyasına əsaslanırdı. De Qoll Fransanın beynəlxalq nüfuzunu bərpa etməyə, ölkənin müstəqil xarici siyasət xəttini qorumağa və dövlət institutlarını gücləndirməyə çalışırdı. Ancaq bu modelin digər tərəfi də vardı: cəmiyyətin bir hissəsi siyasi qərarların yuxarıdan qəbul edilməsindən, gənclərin və fəhlələrin mövqeyinin kifayət qədər nəzərə alınmamasından narazıydı. Məhz bu şəraitdə 1968-ci ilin may hadisələri üçün zəmin formalaşdı.

Bir universitetin bağlanması bütün ölkəni necə ayağa qaldırdı?

Hadisələrin mərkəzində Parisin yaxınlığında yerləşən Nanter universiteti dayanırdı. 1963-cü ildə yaradılmış bu ali məktəbdə tələbə narazılığı getdikcə artırdı. Təhsil sisteminin sərtliyi, universitetdəki inzibati münasibətlər, tələbələrin sosial və şəxsi azadlıqlarıyla bağlı məhdudiyyətlər etirazların əsas səbəbləriydi. 1968-ci il mart ayının 22-də Daniel Kon-Benditin (Daniel Cohn-Bendit) rəhbərlik etdiyi tələbələr universitetin inzibati binasını tutdular. Beləliklə, sonradan “22 Mart Hərəkatı” kimi tanınan təşkilatlanmış tələbə etirazı meydana çıxdı. Mayın 2-də Nanter universitetində dərslər dayandırıldı. Ertəsi gün etirazlar Parisin mərkəzinə, Sorbonna Universitetinə yayıldı. Polis tələbələrin toplantısına müdaxilə etdi, çoxlu saxlanan oldu. Bu müdaxilə tələbə narazılığını daha da gücləndirdi. Mayın 10-dan 11-nə keçən gecə Parisin Latın məhəlləsində barrikadalar quruldu. Daş döşəmələr söküldü, avtomobillər yandırıldı, polis gözyaşardıcı qazdan və güc vasitələrindən istifadə etdi. Küçələrdə baş verən qarşıdurmalar radio vasitəsilə ölkənin hər yerində izlənirdi. Bu hadisələr Fransa ictimaiyyətində ciddi rezonans doğurdu.

Tələbələrdən fəhlələrə: etirazlar Fransanı iflic edir

Mayın 13-də tələbələrə həmkarlar ittifaqları və fəhlələr dəstək verdilər. Lakin hadisələrin miqyası bununla məhdudlaşmadı. Ertəsi gündən etibarən zavodlarda işçilər müəssisələri tərk etməyə və istehsalı dayandırmağa başladılar. Mayın 14-də Nant şəhərindəki Sud-Aviation zavodunun işçiləri müəssisəni tutdular. Sonrakı günlərdə Renault zavodlarında və digər sənaye müəssisələrində tətillər genişləndi. Nəqliyyat, poçt, dövlət xidmətləri və müxtəlif iqtisadi sahələr də etirazların təsirinə düşdü. Tarixi mənbələrdə tətilçilərin sayı ilə bağlı fərqli rəqəmlər göstərilir. Larousse ensiklopediyası təxminən 7 milyon, Şarl de Qoll Fondunun xronologiyası isə mayın 20-də 10 milyondan çox tətilçidən bəhs edir. Bu fərq hesablanma metodları və tətilin müxtəlif mərhələlərində iştirakçıların sayının dəyişməsiylə bağlıdır. Hər iki göstərici hadisələrin miqyasını aydın nümayiş etdirir. Maraqlıdır ki, tələbələrin irəli sürdüyü tələblərlə fəhlələrin gözləntiləri tamamilə eyni deyildi. Tələbələr universitetlərin demokratikləşdirilməsini, ənənəvi hakimiyyət münasibətlərinin dəyişməsini və daha geniş azadlıqlar tələb edirdilər. Fəhlələr isə əməkhaqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, həmkarlar ittifaqlarının hüquqlarının genişləndirilməsini və müəssisələrdə daha çox söz sahibi olmaq istəyirdilər.

Grenelle danışıqları: hökumət güzəştə getdi, amma etirazçılar razılaşmadı

Hökumət böhranın dərinləşdiyini görəndən sonra danışıqlara başlamağa məcbur oldu. Baş nazir Jorj Pompidunun rəhbərliyi ilə hökumət, həmkarlar ittifaqları və işəgötürənlər arasında danışıqlar aparıldı. Mayın 27-də Grenelle razılaşması kimi tanınan protokol imzalandı. Sənəddə minimum əməkhaqqının 35 faiz artırılması, ümumi əməkhaqlarının isə təxminən 10 faiz yüksəldilməsi nəzərdə tutulurdu. Əmək münasibətlərinin və həmkarlar ittifaqlarının hüquqlarının yaxşılaşdırılması məsələləri də müzakirə olunurdu. Ancaq hökumət güzəştlərinə baxmayaraq bir sıra zavodlarda işçilər razılaşmanı qəbul etməyib tətili dayandırmadılar. Onlar üçün məsələ artıq yalnız maaş artımıyla məhdudlaşmırdı. Müəssisələrdə qərarların qəbuluna qatılmaq, rəhbərliyin səlahiyyətlərini məhdudlaşdırmaq və əmək münasibətlərini dəyişdirmək də əsas tələblər sırasındaydı. Bu məqam 1968-ci il hadisələrinin ən mühüm siyasi dərslərindən biridir: iqtisadi güzəştlər sosial narazılığın bütün səbəblərini aradan qaldırmır. İnsanlar bəzən yalnız daha yüksək əməkhaqqı yox, qərarların qəbulunda iştirak və həyatlarına təsir edən proseslər üzərində söz sahibi olmaq istəyirlər.

29 may sirri: Şarl de Qoll niyə yoxa çıxmışdı?

1968-ci ilin may böhranının ən dramatik epizodlarından biri ayın 29-da baş verdi. Prezident Şarl de Qoll Parisdən ayrılaraq bir müddət ictimaiyyət qarşısında görünmədi. Onun harada olduğu barədə qeyri-müəyyənlik siyasi dairələrdə və cəmiyyətdə ciddi narahatlıq yaratdı. De Qoll həmin gün Baden-Badenə gedərək Fransanın Almaniyadakı hərbi qüvvələrinin komandanı general Jak Massü ilə görüşdü. Bu səfər sonradan Fransa siyasi tarixində böhranın ən müəmmalı məqamlarından biri kimi yadda qaldı. Prezidentin ölkəni tərk etməsi hakimiyyətin vəziyyətinə dair sualları artırmışdı. Hökumət küçələrdə baş verən hadisələrə nəzarəti tam bərpa edə bilmirdi, tətillər səngimirdi, siyasi müxalifət isə alternativ hakimiyyət imkanlarını müzakirəyə çıxarmışdı.

Lakin mayın 30-da de Qoll radio ilə xalqa müraciət etdi. O, Milli Assambleyanı buraxdığını və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi, eyni zamanda tərəfdarlarını küçələrə çıxmağa çağırdı. Həmin gün Şanzelize prospektində de Qollu dəstəkləyən böyük mitinq keçirildi. Bu, böhranın gedişində mühüm dönüş nöqtəsi oldu. Etiraz hərəkatı geniş olsa da, onun daxilində vahid siyasi rəhbərlik və alternativ hakimiyyət proqramı formalaşmamışdı. Müxalif qüvvələr arasında fikir ayrılıqları da vardı. İyun ayında keçirilən parlament seçkilərində de Qoll tərəfdarlarının mövqeyi gücləndi və prezidentin siyasi hakimiyyəti qorundu. Beləliklə, küçə etirazları hakimiyyət dəyişikliyinə gətirib çıxarmadı. Ancaq bu, de Qollun siyasi böhrandan tam qalib çıxması demək deyildi. Onun nüfuzu ciddi sarsılmışdı. 1969-cu ilin 27 aprelində keçirilən referendumda seçicilərin 52,41 faizi prezidentin təklif etdiyi islahatlara qarşı çıxdı. De Qoll əvvəlcədən verdiyi vədə uyğun olaraq aprelin 28-də istefaya getdi. Fransa Senatının arxiv materialları bu nəticəni təsdiqləyir. Beləliklə, 1968-ci ilin mayında hakimiyyətini qoruyan prezident təxminən bir il sonra referendumun nəticələri fonunda vəzifəsini tərk etməli oldu.

1968-ci il Fransanı necə dəyişdi?

Küçə etirazından mədəni inqilaba

May hadisələrinin əhəmiyyəti yalnız siyasi nəticələrlə ölçülmür. Əsl dəyişiklik Fransa cəmiyyətinin gündəlik həyatında, ailə münasibətlərində, təhsil sistemində, mədəniyyətdə və ictimai düşüncədə baş verdi. Etirazların məşhur şüarlarından biri beləydi: “Qadağan etmək qadağandır!” Bu ifadə yalnız universitetlərdəki məhdudiyyətlərə qarşı yönəlməmişdi, ümumilikdə avtoritar münasibətlərə, köhnə sosial normalara və fərdin həyatına müdaxiləyə etirazın simvoluna çevrilmişdi.

1968-ci il hadisələri gənclərin cəmiyyətdəki rolunu dəyişdi. Tələbələr artıq yalnız təhsil alan sosial qrup kimi deyil, ictimai-siyasi proseslərə təsir göstərən müstəqil qüvvə kimi çıxış etməyə başladılar. Qadın hüquqları, ailə münasibətləri, şəxsi azadlıq, cinsi bərabərlik və təhsil sisteminin demokratikləşdirilməsi kimi məsələlər daha geniş müzakirə olunmağa başladı. 1968-ci il hadisələrindən sonrakı illərdə feminist hərəkatın güclənməsi, 1974-cü ildə kontrasepsiyanın əlçatanlığını genişləndirən Veil qanunu və 1975-ci ildə abortun qanuniləşdirilməsi Fransa cəmiyyətindəki daha geniş transformasiyanın mühüm mərhələləri oldu. Bu dəyişiklikləri yalnız May hadisələrinin birbaşa nəticəsi kimi təqdim etmək düzgün olmaz, lakin həmin etirazların yaratdığı ictimai mühit onların inkişafına təkan verən amillərdən biriydi. Təhsil sahəsində də mühüm islahatlar həyata keçirildi, 1968-ci ilin noyabrında qəbul edilən Faure qanunu universitetlərin idarə olunmasında yeni prinsiplər müəyyənləşdirdi. Universitetlərin muxtariyyəti, idarəetmədə müxtəlif qrupların iştirakı və tədris sisteminin yenilənməsi istiqamətində dəyişikliklər başlandı.

2026-cı il: fransız xalqı yenidən küçələrdə

1968-ci ildən 58 il sonra Fransa bənzər mənzərəylə üzləşib. 2026-cı ilin payızında ölkədə yeni etiraz dalğası baş qaldırıb. ABŞ-ın Xarici Əlaqələr Şurasının (Council on Foreign Relations - CFR) 28 oktyabr 2026-cı il tarixli təhlilinə görə, etirazların başlanğıc nöqtəsi sentyabrın 17-də Paris yaxınlığındakı Kretey şəhərində yerləşən Antoine de Saint-Exupery liseyində müəllim çatışmazlığına qarşı keçirilən aksiya olub. Müəllimlərin etirazına şagirdlər və valideynlər də qoşulub, daha sonra narazılıq digər şəhərlərə yayılıb. Etirazların gündəliyi qısa müddətdə genişlənib. Məktəblərdə müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması, təhsil infrastrukturunun zəifliyi və universitetlərə qəbul sistemi ilə bağlı narazılıqlara yaşayış xərcləri, əməkhaqları, pensiyalar, ictimai xidmətlər və sosial bərabərsizlik məsələləri də əlavə olunub. Noyabrın 5-də keçirilən ümummilli aksiyalar bu hərəkatın yeni mərhələyə adladığını göstərdi.

“Le Monde” qəzetinin müxbirləri Jean-Philippe Remy, Aline Leclerc, Bastien Bonnefous, Charlotte Bozonnet, Sylvie Lecherbonnier və Robin Richardotun 6 noyabr 2026-cı ildə dərc etdirdikləri məlumatlardan belə qənaətə gəlmək olur ki, keçirilən 193 aksiyada iştirakçıların sayı ilə bağlı fərqli mənbələrdə fərqli rəqəmlər göstərilib. Fransa Daxili İşlər Nazirliyi 575 min, Fransanın Ümumi Əmək Konfederasiyası (Confederation generale du travail - CGT) isə təxminən 1,6 milyon iştirakçı qeydə alındığını bildirib. Rəqəmlər arasındakı fərq təşkilatçıların və dövlət qurumlarının hesablamalarının eyni olmadığını göstərir. Etirazlarda tələbələr, müəllimlər, dövlət və özəl sektor işçiləri, fermerlər və “Sarı jiletlilər” hərəkatının tərəfdarları iştirak ediblər. Onların əsas tələbləri əməkhaqlarının artırılması, alıcılıq qabiliyyətinin qorunması, ictimai xidmətlərə daha çox vəsait ayrılması və sosial ədalətin təmin olunmasıdır.

“Associated Press”-in noyabrın 5-də yaydığı məlumata görə, həmin gün ölkə üzrə 70 min polis əməkdaşı təhlükəsizlik tədbirlərinə cəlb edilib, bəzi şəhərlərdə qarşıdurmalar baş verib. Baş nazir Sebastyan Lekornü (Sebastien Lecornu) isə həmkarlar ittifaqları və işəgötürənlərin iştirakıyla sosial konfrans keçirməyi qərara alıb. Beləliklə, Fransa yenidən mühüm siyasi sualla üz-üzədir: hökumət sosial narazılıqları dialoq yoluyla idarə edə biləcəkmi, yoxsa etirazlar daha geniş siyasi böhrana çevriləcək?

1968 və 2026: eyni barrikadalar, fərqli nəsillər

İlk baxışdan 1968-ci ilin may hadisələriylə 2026-cı ilin etirazları arasında ciddi oxşarlıqlar görünür. Hər iki halda gənclər etirazların önündə dayanır, sosial narazılıq müxtəlif təbəqələri bir araya gətirir, polis müdaxilələri müzakirələri daha da kəskinləşdirir və hökumət cəmiyyətin tələblərinə cavab vermək zərurətiylə üzləşir. Lakin bu iki dövrü eyniləşdirmək düzgün olmaz. 1968-ci ildə Fransa iqtisadi yüksəliş dövrünü yaşayırdı. Əsas narazılıqlardan biri sürətlə böyüyən cəmiyyətin dəyişən gözləntiləriylə köhnə idarəçilik və sosial münasibətlər arasındakı uyğunsuzluq idi. Gənclər daha çox azadlıq, iştirak və ictimai münasibətlərin yenilənməsini tələb edirdilər. 2026-cı ildə isə etirazların mühüm səbəbləri yaşayış xərclərinin artması, əməkhaqlarının alıcılıq qabiliyyətinin zəifləməsi, təhsil sistemindəki çatışmazlıqlar, sosial təminat və gələcək məşğulluqla bağlı narahatlıqlardır. Bu dəfə etirazçılar yalnız mövcud qaydaların dəyişdirilməsini yox, gündəlik həyatın iqtisadi baxımdan daha dözümlü olmasını tələb edirlər. Təşkilatlanma üsulları da fərqlidir. 1968-ci ildə universitetlərin, teatrların və zavodların tutulması, ümumi tətil və kollektiv toplantılar hərəkatın əsas vasitələriydi. Müasir dövrdə isə sosial şəbəkələr etirazların yayılmasını sürətləndirir, müxtəlif qrupların əlaqə qurmasını asanlaşdırır. Bununla belə, rəqəmsal təşkilatlanma hər zaman vahid rəhbərlik və ümumi siyasi proqram formalaşdırmır.

Ən mühüm fərq isə miqyas və iqtisadi təsirdədir. 1968-ci ildə milyonlarla işçinin tətili ölkənin iqtisadi fəaliyyətini geniş miqyasda dayandırmışdı. 2026-cı ilin noyabr aksiyaları böyük iştirakla müşayiət olunsa da, onları 1968-ci ildəki ümummilli tətilin eynisi hesab etmək olmaz. Bununla belə 2026-cı ilin hadisələri xüsusi əhəmiyyət daşıyır: tələbə etirazlarının həmkarlar ittifaqları, fermerlər və müxtəlif sosial qruplarla birləşməsi Fransa cəmiyyətində narazılığın tək bir sahəylə məhdudlaşmadığını göstərir.

1968-ci ilin ruhu hələ də yaşayırmı?

1968-ci ilin may hadisələri Fransanın siyasi tarixində hakimiyyətin sarsıldığı, cəmiyyətin özünü yenidən kəşf etdiyi və ənənəvi münasibətlərin ciddi sorğulandığı bir dövr kimi yadda qaldı. Şarl de Qoll hakimiyyətdə duruş gətirdi, parlament seçkilərində tərəfdarları üstünlük qazandı, lakin prezidentin siyasi nüfuzu əvvəlki səviyyəyə qayıtmadı. Bir il sonra referendumun nəticələri onun istefasıyla sonuclandı. Bu hadisələrin əsas dərsi ondan ibarətdir ki, sosial narazılıq yalnız küçə etirazçılarının sayı ilə ölçülmür. Bəzən minlərlə tələbənin universitetdə başlatdığı aksiya milyonlarla insanın öz gələcəyi haqqında düşünməsinə səbəb olur. Bəzən hökumət siyasi böhrandan formal olaraq qalib çıxır, lakin cəmiyyətin dəyişən tələblərinə cavab vermək zərurətindən qaça bilmir.

2026-cı ilin noyabrında Fransada baş verənlər 1968-ci ilin təkrarı deyil. Ancaq həmin hadisələrin yaratdığı tarixi yaddaş bu gün də Fransa siyasətinə təsirsiz ötüşmür. Paris küçələrində yenidən səslənən etiraz çağırışları göstərir ki, sosial ədalət, gənclərin gələcəyi, dövlətin məsuliyyəti və vətəndaşların qərarvermədə iştirakı məsələləri hələ də həllini gözləyir. Bəlkə də 1968-ci ilin ən böyük mirası məhz budur: heç bir siyasi hakimiyyət cəmiyyətin dəyişən gözləntilərini sonsuza qədər görməzliyə vura bilməz. Barrikadalar dağıla, meydanlar boşala, hökumətlər dəyişə bilər, lakin cəmiyyətin verdiyi suallar cavabsız qalanda tarix yeni nəsillərin diliylə yenidən danışmağa başlayır.

Kəramət QƏNBƏROV

Beynəlxalq hüquq üzrə ekspert