Ermənistanda demək olar ki, hər gün Zəngəzur dəhlizi – TRİPP marşrutu ilə bağlı geniş müzakirələr aparılır. Əslində bu, təbii qəbul olunmalıdır. Əvvəla, ona görə ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalar mövzunun aktuallığını təmin edir.
Digər tərəfdən, iki qitəni birləşdirəcək bu layihənin məntiqi sonluğu Ermənistan üçün fövqəladə əhəmiyyət kəsb edir. Nikol Paşinyan özü etiraf etdi ki, 8 avqust razılaşmalarından sonra Ermənistan dalandan çıxmağa nail oldu, indi təsəvvür edin, Avropa və Asiya arasında həyata keçirilən nəhəng nəqliyyat rabitəsi bu, illərin “dalan dövləti” üçün nə qədər geniş perspektivlər açır...
Ermənistanda ağlı kəsən uşaqdan – böyüyədək, rəsmidən qeyri-rəsmilərədək hər kəs Azərbaycana, onun liderinə ömürlük minnətdar olmaq əvəzinə, baxırsan ki, TRİPP marşrutu – Zəngəzur dəhlizi mövzusunda dodaq büzürlər, şübhələri içlərini yeyib-dağıdır, kin-küdurət sərgiləyirlər, yeri gəldi-gəlmədi hətta Paşinyanı ittiham edirlər. Xəstə cəmiyyət ayılmır ki, ayılmır, zərərli stereotiplərdən xilas ola bilmir.
Diqqət edin, bu günlərdə Ermənistan parlamenti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib. Səsvermənin nəticələrinə baxın: layihənin lehinə 63 deputat səs verib, 32 nəfər isə əleyhinə çıxıb. Absurdların ölkəsi, parlamenti başqa necə ola bilər? Zəngəzur dəhlizi – TRİPP-dən böyük faydalar gələcək ölkənin ali qanunverici orqanının üçdə bir hissəsi tarixi anlaşmaya qarşı çıxıb.
Bizim filmdə deyir e: “İstəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?” Cavab belə olur ki, “Yox!” Rəhmətlik də qayıdır ki, “Düz deyirsən, səni elə tanımasalar, yaxşıdır”.
Ermənistan parlamentinin azı 32 deputatı, həmin o revanşist mövqeli, xəstə düşüncəli hay dəstəsi Ermənistanın inkişafını, çiçəklənməsini, künc-bucaqdan çıxmasını əraziləri on illərlə yağmalansa belə, bölgədə normal əməkdaşlığı zəruri sayan Azərbaycandan belə, çox istəmir.
Onlar qan tökməkdən, insanları göz yaşı içərisində boğmaqdan, uşaqları ata-anasız, valideynləri övladsız qoymaqdan zövq alanlardır, təki ortalıq qarışsın, cinayətlərini ört-basdır eləsinlər...Təsəvvür edin, Ermənistan üçün tarixi əhəmiyyət kəsb edən bir layihəyə də “mız” qoyurlar.
Onlara “ay-haray, Ermənstan blokada vəziyyətindədir”, şivəni qoparıb, xaricdən pul-para dilənmək, Azərbaycana qarşı planların iştirakçı və icraçıları ilə eyni mövqeni bölüşmək daha cəlbedicidir, nəinki erməni xalqına xoşbəxt gələcək vəd edən sülh razılaşmalarını dəstəkləmək...Nikol Paşinyan kimi dünənin baş revanşisti – sabahına etibar etməsək də, bu gün Azərbaycanın qorxusundan, yaratdığı reallıqlar səbəbindən sülh mövqeyindən çıxış edir – Zəngəzur dəhlizinin 42-43 km-lik hissəsindən əldə olunacaq tranzit gəlirləri hesabına Ermənistanın bir sıra problemlərini həll edəcəyini bildirir, amma digərləri deyir yox e, “mənim bir gözümü çıxart, qonşunun hər ikisini!”
Əgər bunların parlamenti də TRİPP marşrutunu minnətlə ratifikasiya edirsə...Əslində bunları çoxdan tanıyırıq. Hələ işğal illərində, 2009-cu ildə Türkiyə ilə imzalanmış Sürix protokolları Ermənistanın Avropaya yolunu açırdı, amma Ermənistan parlamenti aldığı tapşırıq əsasında bu sənədi təsdiqləmədi, faktiki olaraq “ən yaxşısı blokadadır”, dedi.

Yeri gəlmişkən, elə bu gün Ermənistan parlamentində at izi it izinə qarışıb, yumruq atan kim, təpik vuran kimi...Bunlar kiminləsə cırmaqlaşmalıdırlar axı, qonşularla sakitlik yarananda əlləri qaşınır, bir-birini yeyirlər, Aşotun sözü Vazgenin, onun da kəlməsi Vartanın boğazından keçmir. Belələri nə qanır Zəngəzur dəhlizinin, bölgədəki sülh və əməkdaşlığın faydasını?
Bunların “ağıl” sahibi olanlarından biri, siyasi analitik Benyamin Matevosyan yerli mətbuata deyib ki, yekunda İrəvan böyük ehtimalla Ermənistan ərazisi üzərindən Azərbaycan, Türkiyə və ABŞ-a dəhliz ötürəcək - özü də Bakının üzərinə hər hansı öhdəlik qoyan bir dənə də olsun sənəd imzalamadan...
Guya Amerika kəşf eləyib. Hələ minnətiniz olsun ki, torpaqlarını 30 il işğalda saxladığınız, 4 kəndini isə hələ də geri qaytarmadığınız halda, Azərbaycan dövləti sizin üçün yanacaq yollayır, taxıl dəhlizi açır, elektrik vəd edir və s. Bakı Ermənistan üçün də böyük mənfəətlər vəd edən dəhlizin reallaşması üçün niyə üzərinə hansısa öhdəlik götürməlidir ki? Özü də işğalçı, terrorçu Ermənistan qarşısında! Revanşistlər hətta Ermənistan rəhbərliyinin Bakını birmənalı qane etməyən ziddiyyətli mövqelərini belə, həzm edə bilmirlər.
Məsələn, Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunu Ermənistanın başqa yerindən “çəkən” xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın dediklərinə də dodaq büzürlər. Mirzoyan oktyabrın 27-də Milli Məclisdə TRIPP sazişinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı demişdi ki, nəqliyyat və infrastruktur sahəsində razılaşmaları Azərbaycanla sülh müqaviləsi imzalanmazdan əvvəl də həyata keçirilə bilər.
Əslində burada problem yarada biləcək nə isə yoxdur, Azərbaycan Prezidenti ötən il bildirmişdi ki, Zəngəzur dəhlizinin tikintisi 2028-ci ildə başa çatdırılmalıdır və bu tapşırıq İrəvana ünvanlanmışdı. Amma Ermənistan rəhbərliyi hələ də “çarıqlarını” sürütləyə-sürütləyə qalıb, ABŞ ilə imzalanan razılaşmaların ratifikasiyasını belə can çəkə-çəkə təsdiqləyir.
Düzdür, ekspert reallıqlardan bixəbər olmadığını da nümayiş etdirib. Məsələn, deyib ki, müşahidələrinə görə, Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət aşağıdakılardan xəbər verir: “Əgər TRIPP-i sülh müqaviləsi imzalanmamışdan əvvəl də işə salmaq mümkündürsə, gəlin işə salaq; üstəlik, həm də ona görə ki, Azərbaycan Qazaxıstan buğdasının onun ərazisindən daşınmasına icazə verir”.
Bəli, başqa necə ola bilər ki? Sən işğalçı ola-ola, hələ də Azərbaycan dövlətindən və xalqından üzr istəmədiyin, yüz milyardlarla zərərin müqabilində kompensasiya ödəmədiyin halda, mən sənə taxıl yolu açım, amma sən 42 km-lik məsafədə iki daşı bir-birinin üstünə qoyma?! TRİPP marşrutunun tikintisi niyə bu qədər gecikməli idi?..

Bəli, Azərbaycanın TRIPP mexanizmi ilə bağlı tələblərindən biri bu marşrutla hərəkət edərkən erməni gömrükçüləri ilə təmasların istisna edilməsidir. Başqa necə olmalıdır? Azərbaycan dövləti maneəsiz keçid tələbini qoyub və məhz belə də olacaq!
Bununla belə, özünü anlamazlığa qoyan analitik hesab edir ki, ABŞ-nin vasitəçiliyi ilə Türkiyə və Azərbaycana “nəqliyyat-logistika dəhlizi” ayıran Ermənistan rəhbərliyi bu layihə barədə özləri üçün belə, iqtisadi əsaslandırma gətirə, TRİPP -in Ermənistan Respublikasına məhz hansı faydanı gətirdiyini izah edə bilmirlər. Belə yerdə deyirlər: “Gözlərini çıxarıb, buraxasan qaratikanlığa!” Bu qədər nankorluq olar?! Hələ bu Matevosyan oturub, 42-43 kilometrlik dəhlizin eninin nə qədər olacağını düşünür. Nə qədər lazımdırsa, o qədər olacaq! Qaz kəmərinin başqa marşrutla keçə biləcəyi barədə Mirzoyanın iddiası isə sadəcə sözdür, Azərbaycan niyə dağ-daşa düşməlidir ki, Arazqırağı dəhliz ola-ola?
Erməni ekspert daha sonra bu qeyri-müəyyənliyə ritorik sualla reaksiya verərkən əslində yeni bir ideya irəli sürüb: “Bu, o deməkdirmi ki, sabah məlum ola bilər ki, Ermənistan Respublikasının bütün ərazisi “bir bütöv TRIPP-dir”? Onun sözlərinə görə, Azərbaycan layihə ilə nəzərdə tutulmuş infrastrukturun (qaz kəməri də daxil olmaqla) keçəcəyi bütün əraziləri TRIPP-ə aid olan ərazilər kimi qəbul edəcək”. Niyə də olmasın? Bəli, tarixi Azərbaycan torpaqlarında yaşayanlar ağıllarını başlarına toplamağı bacarmırsa, onda elə bütün Qərbi Azərbaycan Zəngəzur dəhlizi – TRİPP marşrutu olsun, əgər xətkeş götürüb dəhliz ölçürlərsə, başa salmaq üçün alternativlər var!
Elşad Paşasoy