Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaxın Şərqdə müharibənin miqyası böyüyür

Yaxın Şərqdə müharibənin miqyası böyüyür

04.03.2026 [09:51]

İran 24 saat əvvəl...

Yaxın Şərqdəki gərginlik davam edir. Fevralın 28-dən başlanan döyüşlərin miqyası genişlənməkdədir. Artıq bütün Yaxın və Orta Şərq, Körfəz regionu münaqişənin təsirlərini hiss edir, raket hücumlarına məruz qalırlar. Qeyd edək ki, İran tərəfi atılan raketlərin qarşılığında cavab verir. Beynəlxalq KİV İran ordusunun İsrail və ABŞ-nin hərbi hava bazalarına endirdiyi zərbələrdə texnoloji cəhətdən təkmilləşdirilmiş yeni növ partlayıcı başlıqlardan istifadə edilməsi barədə məlumat yayıb. Bildirilib ki, rəsmi Tehranın son hücumlarında istifadə etdiyi raketlər həm həcm, həm də keyfiyyət baxımından əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Belə ki, yeni nəsil döyüş başlıqlarında tətbiq edilən partlayıcı maddələr sayəsində 500 kiloqramlıq raketin dağıdıcı gücü əvvəlki bir tonluq başlıqların effektivliyinə bərabərdir. CNN-in yaydığı məlumatda bildirilir ki, ABŞ tərəfi cavab zərbələrini dəf etmək və İranın hərbi potensialını daxildən sarsıtmaq üçün “Tomahawk” raketləri və HIMARS sistemlərindən ibarət geniş arsenalını işə salıb.

Trampdan açıqlama: Bütün seçimlər açıq saxlanılacaq

Bu arada ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi ssenarilərə dair diqqətçəkən bəyanatla çıxış edib. “The New York Times” nəşrinin məlumatına görə, Tramp zərurət yaranacağı halda ABŞ hərbi qüvvələrinin İranda yerləşdirilməsi ehtimalını istisna etmədiyini bildirib. Məlumata əsasən, Tramp, eyni zamanda, İrana qarşı quru əməliyyatının keçirilməsi variantının da nəzərdən keçirilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin milli təhlükəsizliyi və maraqları tələb edərsə, bütün seçimlər açıq saxlanılacaq.

Tramp, həmçinin Vaşinqtonun həm İranın nüvə proqramına, həm də hərbi-dəniz qüvvələrinə qarşı paralel şəkildə zərbələr endirdiyini bildirib. Onun sözlərinə görə, ABŞ qüvvələri İranın nüvə obyektlərini məhv etməyə davam edir və Tehranın bu proqramı başqa məkanlarda yenidən qurmasına imkan verməyəcək. Prezident vurğulayıb ki, əməliyyatlar lazım olduğu qədər davam edəcək və ilkin hesablamalarda 4-5 həftə nəzərdə tutulsa da, müddətin uzadılması ehtimalı var. Tramp, həmçinin İran donanmasına qarşı zərbələrdən danışaraq artıq 10 hərbi gəminin batırıldığını iddia edib. O bildirib ki, Vaşinqton “dünyanın terrorun əsas sponsoru” adlandırdığı İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Ər-Riyaddakı ABŞ səfirliyinə raket hücumu olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın raket zərbələrinə məruz qaldığı bildirilir. İran tərəfindən atılan ballistik raketlərdən biri şəhərin mərkəzi hissəsində avtomobil yolunun yaxınlığına düşüb və nəticədə genişmiqyaslı yanğınlar baş verib. Bir neçə avtomobil alışaraq yanıb. İlkin məlumatlara görə, zərbələrdən sonra şəhərin müxtəlif nöqtələrində güclü partlayış səsləri eşidilib.

Səudiyyə Ərəbistanı hakimiyyəti öz növbəsində ABŞ səfirliyinə endirilən zərbələri təsdiqləyib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “X” sosial media platformasında verdiyi açıqlamada bildirib: “İlkin qiymətləndirmələrə görə, Ər-Riyaddakı ABŞ səfirliyinə iki pilotsuz uçuş aparatı hücum edib və nəticədə məhdud yanğın baş verib, binaya kiçik ziyan dəyib”.

İran, həmçinin Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən Fars körfəzindəki Kral Fəhd körpüsünə pilotsuz təyyarə ilə zərbə endirib. Məlumata görə, ABŞ 25 kilometr uzunluğundakı bu infrastruktur obyektindən istifadə edərək hərbi kontingentini Bəhreyndəki ərazidən çıxara bilərdi.

Səfirliklər müvəqqəti bağlandı...

Vaşinqton gərginlik səbəbi ilə bir sıra qabaqlayıcı tədbirlər də görür. Artıq bir sıra ölkələrdəki diplomatik nümayəndəliklər müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Belə ki, ABŞ-ın İraqdakı konsulluq xidmətləri dayandırılıb. Birləşmiş Ştatların İraqdakı səfirliyi təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən vətəndaşları Bağdaddakı səfirliyə və ya Ərbildəki Konsulluğa getməmək barədə xəbərdar edib. Bəyanatda qeyd olunur ki, 2 mart tarixindən etibarən bütün əməkdaşlara olduqları yerdə qalmaları tapşırılıb və adi Amerika vətəndaşlarına göstərilən xidmətlər də daxil olmaqla, konsulluq xidmətləri müvəqqəti olaraq dayandırılıb.

ABŞ-ın Küveytdəki və Səudiyyə Ərəbistanındakı səfirlikləri də “regional gərginlik” səbəbindən növbəti xəbərdarlığa qədər bağlanıb. Eyni zamanda, Kanadanın Ər-Riyaddakı səfirliyi də fəaliyyətini dayandırıb.

Bəhreyndə ABŞ hərbçilərinin qaldığı otel vuruldu

Martın 2-də İran tərəfindən həyata keçirildiyi bildirilən dron hücumunda Pentaqon rəsmilərinin Bəhreyndə qaldığı otel hədəfə alınıb. Məlumata əsasən, hadisə nəticəsində ABŞ Müharibə Nazirliyinin yüksək rütbəli nümayəndələri arasında yaralananların olduğu qeyd olunur. Zərbənin miqyası və konkret itkilərlə bağlı rəsmi qurumlar tərəfindən ətraflı açıqlama verilməyib.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran regionda yerləşən ABŞ hərbi bazalarını legitim hədəf hesab edir, hətta həmin obyektlərin birbaşa İrana qarşı hücumlarda iştirak etmədiyi iddia olunsa belə. Əraqçi çıxışında qeyd edib ki, İran daha əvvəl də region ölkələrini xəbərdar edib: ABŞ İranla müharibəyə girərsə, qarşıdurma yalnız iki ölkə ilə məhdudlaşmayacaq. “Biz dəfələrlə demişik ki, Amerika bizimlə müharibəyə başlasa, bu, təkcə İran və ABŞ arasında qalmayacaq, bütün regiona yayılacaq. Bu, bizim istədiyimiz üçün deyil, ABŞ bazalarının region boyu yerləşməsi ilə bağlıdır. Bizim baxışımıza görə, bu bazalar legitim hədəflərdir. Çünki onlar bizə hücum edən ölkəyə məxsusdur, hətta iddia etsələr belə ki, konkret baza İrana qarşı istifadə olunmur”, - deyə nazir bildirib.

Əraqçi, həmçinin bildirib ki, region ölkələrindəki otellərdə yerləşdirilən ABŞ hərbi qulluqçuları İran üçün qanuni hədəf hesab ediləcək: “Əgər Amerika əsgərləri otellərdə sığınacaq tapıb orada gizlənirlərsə, bu, İranın onlara hücum etməkdən çəkinməsi üçün bəhanə və ya səbəb deyil”.

Rubio: İranın qarşısını almaq mümkün olmayacaqdı

ABŞ dövlət katibi Marko Rubio İrana qarşı keçirilən əməliyyatın zəruri olduğunu bildirib və Tehranın artan hərbi potensialının qlobal təhlükəyə çevrildiyini iddia edib. Rubio açıqlamasında qeyd edib ki, İran təxminən bir il və ya il yarım ərzində “toxunulmazlıq həddini” keçə bilərdi. “Bu əməliyyat baş verməli idi. Çünki İran yaxın gələcəkdə o qədər qısa mənzilli raket və pilotsuz aparat istehsal edəcəkdi ki, artıq bunun qarşısını almaq mümkün olmayacaqdı. Onlar bütün dünyanı girov götürə bilərdilər”, - deyə ABŞ dövlət katibi bildirib.

Onun sözlərinə görə, bəzi hesablamalara əsasən, İran ayda 100-dən çox belə raket istehsal edir, halbuki eyni müddətdə cəmi 6-7 ədəd raket əleyhinə sistem istehsal etmək mümkündür. ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın ballistik raket potensialını və bu silahları istehsal etmək imkanlarını, eləcə də İran hərbi-dəniz qüvvələrinin qlobal dəniz nəqliyyatına yaratdığı təhlükəni aradan qaldırmaqdır.

Tehrana növbəti hücum...

Tehrandakı dövlət yayım qurumu hücuma məruz qalıb. Məlumatlara görə, Tehranda fəaliyyət göstərən dövlət televiziya və radio kompleksinə hücum edilib.

Dəyən ziyanın miqyası barədə hələlik rəsmi açıqlama verilməyib. İran tərəfi məsələ ilə bağlı geniş məlumat yaymayıb.

Bundan başqa, İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Seyyid Yəhya Hamidinin həlak olduğu bildirilib. Bu barədə İsrail ordusu yaydığı rəsmi bəyanatda məlumat yayıb. Açıqlamada qeyd olunub ki, əməliyyat “dəqiq kəşfiyyat məlumatları” əsasında həyata keçirilib və İranın əsas kəşfiyyat qurumu olan İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri hədəfə alınıb. Məlumata əsasən, Yəhya Hüseyni Pencəki İran Müdafiə Nazirliyinin “İsrail masası”na rəhbərlik edib və bu istiqamətdə əməliyyatlara kuratorluq edib.

İsrail Tehranda İranın təhlükəsizlik və kəşfiyyat qurumlarına məxsus obyektlərə də zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələri İran Daxili Təhlükəsizlik Qüvvələrinin komanda məntəqələri və bazalarını hədəfə alıb. Bildirilir ki, bu qurum ölkə daxilində etiraz aksiyalarının qarşısının alınması və təhlükəsizlik əməliyyatlarına cavabdehdir. Məlumata görə, zərbələr İranın Kəşfiyyat Nazirliyinin 10-dan çox komanda məntəqəsini, eləcə də SEPAH-ın xüsusi təyinatlı “Qüds” qüvvələrinin qərargahını da əhatə edib. Bundan əlavə, İsrail tərəfi yer-yer raket sistemlərinin, silah istehsalında istifadə olunan obyektlərin və SEPAH-a aid digər hədəflərin vurulduğunu bildirib.

Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir

İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a verdiyi müsahibədə İranın  ABŞ və İsrailin hərəkətləri nəticəsində ciddi şəkildə zəiflədiyini, əməliyyatların sürətli olacağını deyib: “Sonsuz müharibə olmayacaq. Sürətli və qətiyyətli əməliyyat olacaq”.

O, davamlı zərbələrin “zəruri” olduğunu və əməliyyatın İranda rejim dəyişikliyi üçün şərait yarada biləcəyini bildirib: “İran rejimi indiyə qədər ən zəif vəziyyətdədir”.

Netanyahu İranı təhlükə miqyası baxımından Şimali Koreya ilə müqayisə edərək, Tehranı daha böyük risk mənbəyi kimi təqdim edib. Netanyahu bildirib: “Heç kim Şimali Koreyanı dayandıra bilmədi və indi onun nüvə silahı və ballistik raketləri var. İran isə 50 Şimali Koreyaya bərabərdir. O, Birləşmiş Ştatları məhv etməyə yönəlib. Prezident Tramp bu reallığı anlayır”.

Vens: ABŞ-ın “bir çox variantı var”

ABŞ vitse-prezidenti C.D.Vens bunu Fox News-a müsahibəsində bildirib ki,  ABŞ-ın İran hədəflərinə hücumları davam etdirmək üçün geniş seçimləri var və əməliyyatın müddəti xeyli uzadıla bilər: “Prezident məqsədlərimiz barədə çox aydın danışıb: İran nüvə silahına sahib ola bilməz. İranın nüvə proqramını, eləcə də qüvvələrimizi təhdid edən müxtəlif raketləri pozmaq üçün daha böyük imkanlarımız var”. O, əlavə edib ki, ABŞ-ın “bir çox variantı var” və əməliyyat “bir az daha uzun” və ya “əhəmiyyətli dərəcədə uzun” çəkə bilər.

Hörmüz boğazı açıqdırmı?

Hörmüz boğazı ilə bağlı da qeyri-müəyyənlik davam edir. Belə ki, İran tərəfi boğazın bağlı olduğunu bəyan edib. ABŞ Mərkəzi Komandanlığı isə Hörmüz boğazının mülki gəmiçilik üçün açıq olduğunu bildirib. Komandanlıq bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına baxmayaraq, Hörmüz boğazı bağlanmayıb. İran boğazda patrul xidməti göstərmir və hələlik orada minalanma aparıldığına dair heç bir əlamət yoxdur: “Onların neftinin səksən faizi Çinə gedir. Boğazda minalanma İrana və onun əsas müttəfiqinə zərər verərdi”.

Pekin isə Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini tələb edib. Bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda bildirilir ki, Çin Körfəz ölkələrinin enerjisindən asılıdır, xüsusilə də Qətər qazına böyük ehtiyac duyur. Regional hücumlar tanker hərəkətinə mane olub və Qətərdə mayeləşdirilmiş təbii qaz istehsalını qısa müddətə dayandırıb. Bunun fonunda Çin rəsmiləri Tehranı qlobal və Çin bazarları üçün vacib olan enerji marşrutlarını hədəf almamağa çağırıb.

İran ABŞ-ın gəmisini vurdu...

İran tərəfi ABŞ-a məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin raket zərbəsi ilə vurulduğunu iddia edib. İranın bəzi rəsmi və yarırəsmi mənbələrində gəminin ciddi ziyan gördüyü, hətta batırıldığı barədə məlumatlar yayılıb. Bu iddialar qısa müddətdə sosial şəbəkələrdə və regional media platformalarında geniş rezonans doğurub. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon yayılan xəbərləri dərhal təkzib edib. ABŞ hərbi qurumlarının açıqlamasında bildirilib ki, “USS Abraham Lincoln” heç bir zərbə almayıb, gəmi əməliyyat fəaliyyətini normal şəkildə davam etdirir və batırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. ABŞ tərəfi raketlərin gəmi yaxınlığına belə düşmədiyini vurğulayıb.

Ərdoğandan çağırış: Artan gərginlik vaxtında nəzarət altına alınmasa...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İranla mümkün hərbi qarşıdurması fonunda verdiyi sərt bəyanatla beynəlxalq ictimaiyyətə mühüm mesaj ünvanlayıb. Türkiyə prezidenti bildirib ki, Yaxın Şərqdə artan gərginlik vaxtında nəzarət altına alınmasa, bunun həm regional sabitlik, həm də qlobal təhlükəsizlik üçün ağır və uzunmüddətli nəticələri qaçılmaz olacaq. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğulayıb ki, davam edən qarşıdurma artıq təkcə hərbi risklərlə məhdudlaşmır. Onun sözlərinə görə, proses iqtisadi və geosiyasi qeyri-müəyyənliyi dərinləşdirir, enerji bazarlarında dalğalanmanı artırır və beynəlxalq təhlükəsizlik sistemini sarsıdır. Ərdoğan qeyd edib ki, böhran nəzarətdən çıxarsa, təsirləri bütün dünyaya yayılacaq və heç bir ölkə bu yükə uzun müddət tab gətirə bilməyəcək.

Türkiyə lideri çağırış edərək bildirib ki, alov daha da güclənmədən söndürülməli, münaqişənin genişlənməsinin qarşısı təcili şəkildə alınmalıdır. Onun fikrincə, diplomatik mexanizmlər işə salınmalı və tərəflər danışıqlar masasına qayıtmalıdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31